Dəniz məhsullarının faydası

Dəniz məhsulları insan orqanizmi üçün əvəzolunmaz qida
mənbəyidir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib
ki, təsnifata görə “dəniz məhsulları” termini yalnız suda yaşayan
onurğalı heyvanlar və balıqları əhatə etmir. Bu kateqoriyalı
məhsullara dəniz və okean sularında yaşayan və qida üçün yararlı
olan onurğasız heyvanlar (kalmar, krab, krevetka, kukumariya,
midiya, lanqust, omar, dəniz kirpisi, dəniz daraqlısı, osminoq,
trepanq, istiridyə və s.), habelə yosunlar (nori, laminariya,
spirulina, dəniz salatı və s.) daxildir.

Asiya ölkələrində yaşayan insanların qida rasionunda geniş yer
alan, okeanların və dənizlərin dərinliklərində yaşayan çox sayda
dəniz məhsulu növləri mövcuddur. Bu məhsulları “suların insanlara
hədiyyəsi” də adlandırmaq olar.

Dəniz məhsullarının tərkibi əsasən minerallar və bir sıra
bioloji aktiv maddələrlə zəngindir. Onların tərkibində olan sadə
zülallar və karbohidratlar asan həzməgedicilik xüsusiyyətinə
malikdir. Heyvan mənşəli dəniz məhsullarının tərkibində olan yağlar
əvəzolunmaz doymamış yağ turşuları ilə zəngindir. Bu yağ
turşularına digər qida növlərində çox vaxt rast gəlinmir. Dəniz
məhsullarının tərkibi B qrupu vitaminləri ilə yanaşı, yağda həll
olunan A, D və K vitaminləri ilə də zəngindir. Onların tərkibində
olan D vitamini kalsiumun mənimsənilməsində və sümüklərin
inkişafında böyük rol oynayır. Qeyd edək ki, digər qida məhsulları
ilə müqayisədə dəniz məhsulları D vitamininin zəngin mənbəyi hesab
olunur. Tərkibində kalsium, maqnezium, natrium, kalium, fosfor,
dəmir və mis kimi makroelementlərin, eləcə də yod, kükürd, nikel,
xrom, kobalt, sink və selen kimi mikroelementlərin çox olması dəniz
məhsullarının spesifik qida növü kimi əhəmiyyətini daha da
artırır.

Dəniz məhsullarının enerji dəyəri onların tərkibində mövcud olan
qida maddələrinin miqdarından və nisbətindən asılı olaraq dəyişir.
Orta hesabla 100 qram dəniz məhsulunun tərkibində 80-100 kkal
enerji olur. Dəniz məhsullarının tərkibində mövcud olan qida
maddələrinin balanslı şəkildə olması onları unikal qida növü kimi
səciyyələndirir. Bu məhsulların insan sağlamlığı üçün aşağıdakı
faydaları vardır:

– ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır;

– immunomodulyator təsiri nəticəsində immun sistemini
möhkəmləndirir və orqanizmin xəstəliklərə qarşı müqavimətini
artırır;

– dərinin və gözün funksional vəziyyətini yaxşılaşdırır;

– sümüklərin inkişafına müsbət təsir göstərir;

– qanda xolesterinin səviyyəsini azaltmaqla damarların
elastikliyini bərpa edir;


– orqanizmdə daxili sekresiya vəzilərinin fəaliyyətini və
hormonal fonu tənzimləyir;

– həzmi normallaşdırır;

– qanəmələgəlmə prosesini stimullaşdırmaqla anemiyanın qarşısını
alır və s.

Dəniz məhsulları (xüsusilə dəniz yosunları) ilə qidalanmaq
insanlarda dermatit, ekzema və seboreya kimi dəri xəstəliklərinin
sağalmasına kömək edir. Onların tərkibində olan bioloji sink dəri
hüceyrələrinin bərpasında mühüm rol oynayır. Regenerasiyaedici
xüsusiyyətə malik olduğundan onlardan kosmetoloji vasitələrin
hazırlanmasında da geniş istifadə edilir.

Artıq çəki ilə mübarizədə dəniz məhsulları pəhriz üçün effektiv
qida növüdür. Dəniz məhsullarının müntəzəm istifadəsi xərçəng
xəstəliyinin yaranma riskini azaldır. Müxtəlif ölkələrin xalq
təbabətində depressiya ilə mübarizədə bitki mənşəli dəniz
məhsullarının istifadəsi tövsiyə olunur. Dəniz məhsullarının qida
rasionuna daxil edilməsi insanlarda zehni inkişafın möhkəmlənməsinə
də müsbət təsir göstərir.

Unikal biokimyəvi tərkibə malik olan dəniz məhsulları ekoloji
cəhətdən təhlükəli bölgələrdə və meqapolislərdə yaşayan insanlar
üçün olduqca faydalı qida növü hesab edilir.

Beləliklə, insanların qida rasionunun aztapılan, qiymətli və
zəruri komponentlərlə zənginləşməsində dəniz məhsullarının rolu
böyükdür. Odur ki, bu məhsullardan daha çox faydalanmaq üçün
onların istehsalı, emalı və tədarükü qida təhlükəsizliyi tələbləri
çərçivəsində həyata keçirilməli, istehlakı dövründə
sanitar-gigiyenik qaydalara riayət olunmalıdır.

Teqlər: