DNT-nin 99 faizindən çoxu bütün insanlarda eynidir – Mütəxəssis

İnsan DNT-si təxminən 3 milyard əsasdan ibarətdir və bu
əsasların 99 faizindən çoxu bütün insanlar üçün eynidir. Bunu
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Yavər Hacısoy
bildirib.


Trend
Yavər Hacısoy ilə müsahibəni təqdim edir.

– Yavər müəllim, DNT nədir və onun strukturuna nələr
daxildir?

– Dezoksiribonuklein turşusu (DNT) – canlı orqanizmin
formalaşması və həyati proseslərini davam etdirə bilməsi üçün irsi
informasiyanın saxlanıldığı, nəsildən-nəsilə ötürülən
biopolimerdir. Bəzi viruslar istisna olmaqla, bütün orqanizmlərin
DNT molekulu var. O, orqanizmin hüceyrələrində həyata keçən bütün
metabolik proseslərin davamlılığını təmin edərək nəzarəti özündə
saxlayan, genetik məlumatın nəsildən-nəsilə ötürülməsini təmin edən
quruluşdur.

DNT strukturunun müəyyən edilməsi genetika sahəsində böyük bir
dönüş nöqtəsi olub. DNT molekulunda adenin, quanin, timin və
sitozin adlı dörd növ azotlu əsas var. Molekulun bir zəncirindəki
əsaslar digər zəncirlə komplementarlıq prinsipinə uyğun olaraq
əlaqə yaradırlar. Belə ki, adenin timin ilə, quanin isə sitozin ilə
qoşalaşmış komplekslər əmələ gətirir. Məhz bu xüsusiyyət DNT
maddəsininin RNT (Ribonuklein turşusu) polimerinə ötürülməsinə
imkan verir. Bu özəlliklər hüceyrə strukturlarının yaradılması və
işlədilməsi, eləcə də informasiyanın sonrakı nəslə ötürülməsi kimi
vacib proseslərin əsasını təşkil edir.

– Bildiyiniz kimi, aprelin 25-i Beynəlxalq DNT Günüdür.
Beynəlxalq Günün mahiyyəti haqqında qısa məlumat verərdiniz.

– Bəşəriyyətin ən vacib və eyni zamanda ən müəmmalı kəşflərindən
biri sayılan DNT molekulunun quruluşu haqqındakı məqalə 1953-cü
ildə Ceyms Uotson, Frensis Krikin, Moris Uilkins və Rozalind
Franklin tərəfindən “Nature” jurnalında nəşr olunub. 2003-cü il
aprelin 25-də Beynəlxalq İnsan Genomu Araşdırma İnistitutu
(National Human Genome Research Institute, NHGRI) tərəfindən insan
genlərinin deşifrə edilməsi layihəsinin sona yaxınlaşdığı elan
edilib. Belə ki, genomun bəzi hissələrinin əlavə analizləri başa
çatmasa da layihə üzərində əsas işin yekunlaşdırılması bildirilib.
İnsan genlərinin strukturunun müəyyən edilməsi səhiyyənin inkişafı
istiqamətində atılan çox vacib addımdır.

– DNT haqqında ən maraqlı faktlar hansılardır?

– İnsanları bir-birindən ayırmaq qabiliyyətinin mənbəyi DNT-dir.
İnsan DNT-si təxminən 3 milyard əsasdan ibarətdir və bu əsasların
99 faizindən çoxu bütün insanlar üçün eynidir. İnsan DNT-si
təxminən 3 milyard əsasdan ibarətdir və bu əsasların 99 faizindən
çoxu bütün şəxslərdə eynidir.

İnsan genomu olan 3 milyard DNT zənciri məlumat şəklinə
salındıqda təxminən 3 GB yer tutur.

Model, həll edilməmiş müxtəlif sualları, genetik məlumatın
gələcək nəsillərə necə ötürüləcəyini, kopyalanmasını və ya
müvəqqəti olaraq necə bloklanmasına kömək edir. İnsan Genomu
Proyekti, həmçinin məlumatların təhlili üçün istifadə olunan
avadalıqların inkişaf etdirilməsini təmin etdi.

Dövrümüzdə elm sahəsində irəliləyiş bu kriteriyalar olmadan
mümkün deyil. Genetika sahəsində aparılan tədqiqatlar nəticəsində
gələcəkdə insan DNT-si üzərində effektiv və dəqiq üsullar hazırlana
bilər.

– Diaqnostika və terapiya üçün xüsusi DNT texnologiyalarından
istifadə haqqında məlumat verərdiniz.

– Bu gün DNT-nin xəstəliklərin diaqnostikası və müalicəsi,
genetik manipulyasiya texnologiyalarının tədqiqat və təkmilləşdirmə
fəaliyyətlərində istifadə olunması, geni dəyişdirilmiş
orqanizmlərin əldə edilməsi, biomüdafiə, məhkəmə və hüquqi
proseslərin həllolunması üçün çox vacibdir.

DNT texnologiyasının prenatal genetik diaqnostikada istifadəsi
ilə xəstəliklərin ana bətnində müəyyən edilməsi mümkün olub.
Genetik mühəndisliyi sahəsində aparılan tədqiqatların nəticəsi
olaraq gələcəkdə insan DNT-si üzərində dəyişikliklər etmək üçün
daha təsirli, dəqiq üsul və avadanlıqların inkişaf etdirilməsi
nəzərdə tutulub. Bu gün müalicəsi olmayan bir çox xəstəliklərdən
insanların şəfa tapması gələcəkdə reallaşa bilər. Buna misal
olaraq, genetik mexanizmləri tam bilinməyən bəzi sonsuzluqların
müalicəsi, əksər irsi xəstəliklərin nəsildən-nəsilə ötürülməsinin
qarşısı alına bilər. Qocalmanın dayandırılması və ya ləngidilməsi
kimi ciddi yeniliklərin mümkünlüyü gözlənilir.

Teqlər: