Dələduzluqda ittiham olunan BDU əməkdaşlarına bəraət verildi

Bakı Apellyasiya Məhkəməsində xaricdə təhsil alan tələbələrin
Bakı Dövlət Universitetinə (BDU) qəbul olunmasına köməklik etmək
adı ilə dələduzluqda ittiham olunan universitetin hüquqşünası
Tamella Çələbiyeva və onunla birgə ittiham olunan Beynəlxalq
münasibətlər fakültəsinin metodisti Ulduza Səfərzadənin
barələrindəki hökmdən verdikləri şikayətə baxılıb.

Bu barədə AzerTimes-a vəkil Aqil Layic məlumat verib.

Vəkil bildirib ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən
prosesdə qərar elan olunub. Qərara əsasən, Tamella Çələbiyeva və
Ulduza Səfərzadənin barəsində ittiham öz təsdiqini tapmadığı üçün
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib və hər iki şəxs
barəsində bəraət hökmü çıxarılıb.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş
İdarəsi tərəfindən vətəndaşların Bakı Dövlət Universitetinə qəbul
edilməsi müqabilində külli miqdarda pul alınması ilə bağlı Gəncə
Aqrar Universitetinin Biologiya kafedrasının müdiri işləmiş Zaur
Hümbətov, Bakı Dövlət Universitetinin hüquqşünası və müəllimi
Tamella Çələbiyeva, BDU-nun olunan Beynəlxalq münasibətlər
fakültəsinin metodisti Ulduza Səfərzadə təqsirləndirilən şəxs
qismində istintaqa cəlb ediliblər.

Lakin istintaq müddətinə Zaur Hümbətov vəfat edib və onun
barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam
verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tamella Çələbiyeva
və Ulduzə Səfərzadə cərimə cəzasına məhkum ediliblər.

Onu da qeyd edək ki, Tamella Çələbiyeva ləğv edilmiş Milli
Təhlükəsizliyi Nazirliyinin idarə rəisi, general Natavan
Mirvətovanın cinayət işi üzrə zərərçəkmiş şəxs olub. MTN tərəfindən
onun telefonları qanunsuz dinlənilib.

Bundan başqa, cinayət işində təqsirləndirilən şəxs qismində
tanınan daha sonra vəfat edən Zaur Hümbətov Sumqayıt Ağır
Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun atasıdır.

Teqlər: