DGK xaricdən gətirilən bağlamaların sahiblərinə gec çatdırılması iddialarına aydınlıq gətirib

Bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin
“Poçt göndərişləri” gömrük postunda həyata keçirilən yoxlamalar
nəticəsində poçt göndərişlərinin, daşıyıcı şirkətlər vasitəsilə
xaricdən gətirilən bağlamaların sahiblərinə çatdırılması prosesində
gecikmələrin müşahidə olunduğuna dair məlumatlar yayımlanıb.

Dövlət Gömrük Komitəsi bildirir ki, aparılan təhlillər
nəticəsində poçt göndərişləri vasitəsilə narkotik vasitələrin,
psixotrop maddələrin, cəmiyyətdə “patı” adlandırılan
metamfetaminin, qanunla qadağan edilmiş məhsulların gömrük
sərhədindən keçirilməsinə cəhdlər, maliyyə intizamının pozulması və
bəyanetmə prosesinin düzgün aparılmaması halları müəyyən
edildiyindən bu sahədə nəzarət tədbirləri gücləndirilib.

Gömrük nəzarətinin səmərəliliyinin artırılması, təhlükəsizlik,
qaçaqmalçılıqla mübarizə, bəyanetmə və maliyyə nəzarətinin
gücləndirilməsi məqsədilə həyata keçirilən bu kimi tədbirlər gömrük
orqanlarının qanunvericiliklə müəyyən edilmiş gündəlik iş
fəaliyyətidir.

Gömrük orqanları bir daha vətəndaşlara müraciət edərək xaricdən
sifariş etdikləri məhsulların asan və sürətli şəkildə gömrük
nəzarətindən keçirilməsi üçün qanunvericiliyə riayət etmələrini,
bəyannamədə mallara dair məlumatların düzgün göstərilməsini tövsiyə
edir.

Teqlər: