Daşkənddə 28 May – Müstəqillik Günü qeyd edilib

Özbəkistan Nazirlər Kabineti nəzdindəki Millətlərarası
Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsində
Azərbaycan diasporunun 28 May – Müstəqillik Gününə həsr olunmuş
tədbiri keçirilib.

Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM)
təşkilatçılığı ilə gerçəkləşdirilən tədbirdə Özbəkistanın elm,
mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri,
mədəniyyət mərkəzlərinin rəhbərləri və media mənsubları iştirak
ediblər.

Tədbirə videobağlantı ilə qatılan Azərbaycan Respublikası
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov
soydaşlarımızı ölkəmizin Müstəqillik Günü münasibətilə təbrik edib.
Ölkələrimiz arasında qarşılıqlı münasibətlərin qədim tarixə malik
olduğunu, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanla
münasibətlərə xüsusi önəm verdiyini, bu ölkədə Azərbaycan
diasporunun uğurlu fəaliyyətinə şərait yaradıldığını bildirən DİDK
sədri xatırladıb ki, 44 günlük Vətən müharibəsi dövründə də
Özbəkistan Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. “Bizi ümumi
dil, din, adət-ənənələrimiz və tariximiz birləşdirir. Ötən əsrin
30-cu illərində baş verən kütləvi repressiyalar zamanı on minlərlə
azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Bu gün
azərbaycanlılar Özbəkistanın sosial, iqtisadi, ictimai və digər
sahələrində uğurla çalışmaqdadırlar”, – deyə komitə sədri əlavə
edib.

Tədbirdə RAMMM-ın sədri Firdovsi Hüseynov, Millətlərarası
Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin
sədri Rustam Kurbanov və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin
icraçı direktoru, professor Erkin Nuriddinov çıxış ediblər. 104 il
öncə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) müsəlman
Şərqində ilk dünyəvi, demokratik respublika olduğu, qısa müddət
ərzində həyata keçirdiyi fəaliyyət barədə ətraflı məlumat verilib.
AXC-nin Azərbaycan xalqının həyatında oynadığı böyük roldan danışan
natiqlər ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf
etdiyini məmnunluqla vurğulayıblar.

Sonra Daşkənddə yaşayan soydaşımız Eldar Məmmədovun rejissoru
olduğu “Müstəqil Azərbaycanın salnaməsi” sənədli filmi
göstərilib.

Tədbirin bədii hissəsində şagirdlərin ifasında Azərbaycanı vəsf
edən şeirlər, müğənnilər Yusif Əliyev, Rəna Əzizova və
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin
“Azərbaycan qızları” rəqs ansamblının ifasında muğam, xalq
mahnıları və milli rəqslər təqdim edilib.

Tədbir çərçivəsində Azərbaycan həsr olunmuş kitablar, Qarabağın
milli kişi və qadın geyimləri, milli suvenirlər nümayiş
etdirilib.

Teqlər: