Co Bayden Texas məktəbindəki faciə qurbanlarının xatirəsinə bayraqların endirilməsi barədə sərəncam verib

ABŞ Prezidenti Co Bayden Texas ştatının Yuvalde şəhərindəki
ibtidai məktəbdə atışma qurbanlarının xatirəsinə ölkədə və xaricdə
hökumət binaları qarşısında bayraqların endirilməsinə dair sərəncam
verib.

Trend “TASS”a
istinadla xəbər verir ki, sərəncama görə, bu, mayın 28-dək davam
edəcək. Qərar, həmçinin səfirliklərə, hərbi bazalara, hərbi-dəniz
qüvvələrinin gəmilərinə aiddir.

Daha əvvəl Ağ Ev Baydenin Texas məktəbində törədilmiş hadisə ilə
bağlı bəyanat verəcəyini bildirmişdi.

Texas ştatının qubernatoru Qreq Ebbotun CBS telekanalının yerli
bölməsinə verdiyi məlumata görə, hadisə nəticəsində azı 14 şagird
və 1 müəllim həlak olub. Hadisəni 18 yaşlı yerli sakin Salvador
Romas törədib. O, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları
tərəfindən zərərsizləşdirilib.