Ceyhun Bayramov Bolqarıstanın Baş naziri ilə görüşüb

Bolqarıstana rəsmi səfəri çərçivəsində xarici işlər naziri
Ceyhun Bayramov Bolqarıstanın Baş naziri Kiril Petkov ilə
görüşüb.

Xarici İşlər Nazirliyindən
Trend
-ə verilən məlumata görə, Baş nazir Azərbaycan xarici
işlər nazirini salamlayaraq, cari səfərin əhəmiyyətini qeyd edib.
Azərbaycanın Bolqarıstan üçün çox önəmli bir vaxtda enerji
sahəsində ölkəyə yardım etdiyini səsləndirən Baş nazir Kiril Petkov
Azərbaycan Prezidenti İlham Əliyevin bu xüsusda rolunu vurğulayıb
və Azərbaycan dövlətinin etibarlı tərəfdaş olduğunu qeyd edib.

Nazir Ceyhun Bayramov səmimi qəbula görə təşəkkür edib. İki ölkə
arasında mövcud olan yüksək səviyyəli siyasi əlaqələrin iqtisadi
sahədə də dinamik inkişaf ilə müşayiət edildiyi ifadə olunub.

Tərəflər ikitərəfli əlaqələrin bir sıra sahələrdə, o cümlədən
enerji, iqtisadi-ticarət, informasiya texnologiyaları,
nəqliyyat-tranzit, təhsil, mədəniyyət, turizm və digər sahələrdə
əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında
ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək
Komissiyanın növbəti iclasının keçirilməsinin iqtisadi əlaqələrin
daha da genişləndirilməsinə töhfə verəcəyi qeyd olunub.

Nazir Ceyhun Bayramov Baş nazirə bölgədə münaqişə sonrası mövcud
olan vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və
quruculuq işləri, minaların təmizlənməsi, sülh quruculuğu
istiqamətində Azərbaycan hökuməti tərəfindən atılan addımlar barədə
məlumat verilib.

Görüşdə regional məsələlər və qarşılıqlı maraq doğuran digər
mövzular müzakirə edilib.

Teqlər: