Ceyhun Bayramov Bolqarıstan xarici işlər nazirinin müavini ilə görüşüb

28 aprel 2022-ci il tarixində xarici işlər naziri Ceyhun
Bayramov Bolqarıstan Respublikasının xarici işlər nazirinin müavini
Vasil Georgievin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul
edib.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
C.Bayramov ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın
qarşılıqlı maraqlar və beynəlxalq hüquq əsasında inkişafını
məmnunluqla qeyd edib. Yüksək səviyyəli ikitərəfli siyasi dialoqun
və qarşılıqlı təmasların əlaqələrin inkişafına müsbət töhfə verdiyi
vurğulanıb. Nazir, cari ildə diplomatik əlaqələrin qurulmasının 30
illiyinin qeyd edildiyini və müxtəlif istiqamətlər üzrə əlaqələrin
daha da genişləndirilməsi üçün birgə səylərin bundan sonra da davam
etdiriləcəyini bildirib.

V.Georgiev Azərbaycana səfərin çox məhsuldar olduğunu, zəngin
işçi proqramın, o cümlədən siyasi məsləhətləşmələrin növbəti
iclasının keçirildiyini, ikitərəfli görüşlərin təşkil edildiyini
məmnunluqla qeyd edib. İki ölkə arasında siyasi müstəvidə çox yaxşı
münasibətlərin mövcud olduğu, habelə iqtisadi, enerji, nəqliyyat,
humanitar, mədəniyyət və digər sahələrdə əlaqələrin uğurla inkişaf
etdiyi vurğulanıb.

Görüşdə, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlığı, habelə Ukraynadakı vəziyyət və digər regional
məsələlər də müzakirə edilib. Nazir Ceyhun Bayramov, Ukraynadakı
vəziyyətlə əlaqədar bu ölkəni tərk edən Azərbaycan vətəndaşlarının
Bolqarıstan ərazisindən keçməsi üçün müvafiq şəraitin yaradılmasına
görə qarşı tərəfə minnətdarlıq ifadə edib.

Bolqarıstan xarici işlər nazirinin müavini, nazir Teodora
Gençovskanın Azərbaycanlı həmkarını Bolqarıstana səfərə dəvət
etdiyini səsləndirib.

Teqlər: