Bu mənzillərin satışından əldə olunan vəsait şəhid ailələri, müharibə əlillərinin təminatına yönəldiləcək (FOTO)

Keçmiş məcburi köçkünlər üçün tikilmiş və istifadəsiz
mənzillərin satışından əldə olunan vəsait şəhid ailələri, müharibə
əlillərinin mənzil və fərdi evlə təminatına yönəldiləcək

Prezident İlham Əliyev 2022-ci il 11 aprel tarixli Fərmanla
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan
vəsaitdən istifadə Qaydası”nı təsdiq edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qayda
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin
sifarişi ilə Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində,
Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Хocəsən
qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş
çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun
Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən
çoxmənzilli binalarda yerləşən mənzillərin satışı və satışdan əldə
olunan vəsaitdən istifadə qaydasını müəyyən edir.

Qeyd edilən mənzillərin satışından əldə olunan vəsait digər
bölgələr üzrə şəhid ailələri və müharibə əlillərinin mənzil və
fərdi evlə təminatına yönəldiləcək, onların mənzillə təminatı
proqramı daha da genişləndiriləcək.

Qaydaya əsasən, Nazirlik həmin binalardan satışı nəzərdə tutulan
mənzillərin sayını müəyyən edəcək və bu barədə məlumatı rəsmi
internet saytında ictimaiyyətə açıqlayacaq.

Satışa çıxarılan mənzillər daşınmaz əmlakın dövlət reyestrində
qeydiyyata alınacaq. Mənzillərin bazar dəyərini müstəqil
qiymətləndirici müəyyən edəcək. Satış elanı verildiyi tarixdən 1 il
müddətində satılmayan mənzillər yenidən qiymətləndiriləcək.

Mənzillərin satışı Nazirliyin saytı vasitəsilə onlayn qaydada,
yaxud hərrac vasitəsilə həyata keçiriləcək. Onlayn qaydada satış
zamanı Nazirliyin saytı vasitəsilə mənzilləri əldə etmək istəyən
hüquqi və fiziki şəxslərin qeydiyyatı və onların elektron
kabinetlərində mənzillərin satışı ilə bağlı bildirişlərin
yerləşdirilməsi və onlara satışa çıxarılan mənzillərə dair
məlumatlarla tanış olmaq imkanının yaradılması, mənzil seçiminin
həyata keçirilməsi təmin ediləcək.

Satışa hazırlıq məqsədilə Nazirlik mənzillərə dair məlumatları
(mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binasının ünvanı,
mərtəbələrin sayı, mənzilin yerləşdiyi mərtəbə, mənzilin nömrəsi,
mənzilin ümumi sahəsi, mənzildəki otaqların sayı, mənzilin təmir
vəziyyəti, təmirin aparıldığı vaxt) hazırlayıb satış qiymətini
müəyyən edəcək. Mediada və rəsmi internet saytında satışın
başlanması tarixinə azı 15 gün qalmış satış elanı veriləcək.

Mənzillərin satışı Nazirliyin saytı vasitəsilə onlayn qaydada
həyata keçirildikdə, satış başlandığı andan mənzili ilk seçmiş şəxs
seçdiyi mənzili almaq hüququ qazanır və həmin mənzili digər
şəxslərin seçmək imkanı məhdudlaşdırılacaq. Mənzilin seçildiyi
vaxtdan etibarən 10 gün müddətində alqı-satqı müqaviləsinin
bağlanılması zərurəti barədə dərhal məlumat yerləşdiriləcək.

Mənzili seçən şəxslə Nazirlik arasında mənzilin seçimi başa
çatdıqdan sonra 10 gün müddətində notariat qaydasında təsdiq
edilmiş alqı-satqı müqaviləsi bağlanılacaq.

Mənzilllərin hərrac vasitəsilə satışı qaydasını isə Nazirlər
Kabineti dövlət başçısı ilə razılaşdırmaqla üç ay müddətində təsdiq
edəcək.

Teqlər: