Bu gün Azərbaycanda Bakı Enerji Həftəsi başlayacaq

Bu gün paytaxtımız Xəzər regionunun neft-qaz və enerji
sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsinə ev
sahibliyi edəcək.

Trend xəbər
verir ki, uyunun 1-dən 4-dək davam edəcək Bakı Enerji Həftəsi
(“Baku Energy Week”) öz brendi altında 3 böyük tədbiri birləşdirib
– 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər
Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı
Enerji Forumu. Bu il sərgilərdə və forumda 30 ölkədən 249 şirkət
iştirak edəcək.

Forumda iştirak edən ölkələr arasında ABŞ, Almaniya, Azərbaycan,
Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin,
Finlandiya, Fransa, Gürcüstan, Hindistan, Niderland, İsrail,
İspaniya, İsveçrə, İndoneziya, İtaliya, Qazaxıstan, Macarıstan,
Norveç, Rumıniya, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur,
Türkiyə, Xorvatiya, Yaponiya, Yunanıstan, Özbəkistan yer alıb.

Tədbirə ənənəvi olaraq Azərbaycanın Energetika Nazirliyi və
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dəstək
göstərirlər.

Bakı Enerji Həftəsinin statusunu onun sponsorlarının tərkibi də
göstərir: “ACWA Power”, BP, “Equinor”, “Masdar”, INPEX, “Turkiye
Petrolleri”, “Baker Hughes”, “Microsoft”, “PASHA Bank”,
“TechnipFMC”, “Tenaris”, “TotalEnergies”, “Uniper”, “Azeri MI
Drilling”, AZFEN, “Baku Steel Company”, “Caspian Drilling”,
“Caspian Marine Services Limited”, “Ernst & Young”, “Global Energy
Azerbaijan Management”, “Tekfen”.

İştirakçılar arasında “Bos Shelf”, “Gazprombank”, “Equinor”,
“Schlumberger” və digər şirkətlər çıxış edəcək.

Bakı Enerji Həftəsinə yüksək rütbəli qonaqların gəlməyi
gözlənilir: Serbiya Respublikasının Baş nazirinin müavini
(dağ-mədən sənayesi və energetika naziri); Moldovanın Baş nazirinin
müavini (infrastruktur və regional inkişaf naziri); ABŞ-ın Dövlət
katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini; Avropa
Komissiyasının Energetika üzrə Baş İdarəsinin direktoru; Rumıniya,
Bolqarıstan, Qazaxıstanın energetika nazirləri; İran İslam
Respublikasının neft naziri; Beynəlxalq Enerji Forumunun baş
katibi; Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi; İtaliyanın
Ekoloji Keçid Nazirliyinin dövlət katibinin müavini; İndoneziyanın
Neft və qazın baş direktoru (Energetika və Mineral Ehtiyatlar
Nazirliyi); Hindistan Respublikasının Enerji Nazirliyinin əlavə
katibi; İdarə Heyətinin üzvü və İcraçı direktor (Bulgargaz EAD);
TANAP Konsorsiumunun baş direktoru.

Sərgidə Almaniya, Rumıniya, Rusiya milli pavilyonla iştirak
edəcək. Bu ilin yenilikləri arasında: bərpa olunan enerji sahəsində
pilot layihələr, yaşıl enerji zonası, dəniz külək enerjisi
potensialı, anlaşma memorandumları, yaşıl hidrogen və ixrac
məsələləri.

Teqlər: