ABŞ-ın Yuta Ştatı Azərbaycana dair bəyannamə qəbul edib

ABŞ-ın Yuta ştatının Senatı və Nümayəndələr Palatası Azərbaycan
ilə bağlı bəyannamə qəbul edib.

Azərbaycanın Los Anecelesdəki Baş Konsolluğundan AzerTimes-a
bildirilib ki, Yuta Ştat Senatının sədri Stuart Adams, Nümayəndələr
Palatasının spikeri Brad Uilson, eləcə də digər qanunvericilər
tərəfindən imzalanmış bəyannamə Azərbaycanın Los Ancelesdəki Baş
Konsulluğuna təqdim olunub.

Bəyannamədə, Azərbaycanın müsəlman dünyasında ilk demokratik və
dünyəvi dövlət olduğu və qadınlara ilk dəfə seçki hüququ verdiyi
qeyd edilir.

Həmçinin, Azərbaycanın tarixi tolerantlıq ənənələrinə
toxunularaq, burada qədim zamanlardan müxtəlif dinlərin, o cümlədən
müsəlmanların, xristiyanların və yəhudilərin sülh və əmin-amanlıq
şəraitində birgə yaşadığı ifadə olunur. Bildirilir ki, qədim
dinlərarası tolerantlıq ənənələrini təşviq edən və gücləndirən bir
mühit yaratmış Azərbaycan dini və etnik müxtəlifliyi öz milli
sərvəti kimi dəyərləndirir. Qeyd olunur ki, son 10 ildə Azərbaycan
dinlərarası dialoqu təşviq etmək üçün regiondan və dünyanın
müxtəlif ölkələrindən din xadimlərini dəfələrlə bir araya
gətirib.

Sənəddə, Azərbaycanın ABŞ və Yuta ştanın güclü tərəfdaşı olduğu
və ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşıq münasibətlərinin
inkişaf etdiyi diqqətə çatdırılır.

Bəyannamənin sonunda, Yuta Şenatı və Nümayəndələr Palatası
Azərbaycanın dünyada azadlığın müdafiəsi və sülhün qorunması işinə
verdiyi töhfələri yüksək qiymətləndirdiyini və Azərbaycan ilə
qarşılıqlı faydalı dostluq münasibətlərinin qorunmasına böyük önəm
verdiyini bildirir.

Teqlər: