Bu gün 19 mindən çox şagird ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verəcək

Mayın 1-də Dövlət İmtahan Mərkəzi (DİM) Bakı şəhərinin Suraxanı,
Nizami, Pirallahı rayonlarında, Ağstafa, Kürdəmir, Qəbələ, Quba (II
hissə), Masallı (II hissə), Salyan, Samux, Yardımlı rayonlarında,
Yevlax şəhərində, həmçinin Bakı şəhərində yerləşən xüsusi
məktəblərin – internat məktəbləri, eşitmə pozulmaları və danışma,
görmə əngəlli şagirdlər üçün xüsusi məktəblər, Çilov adasında
yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblər, tədrisi
ingilis və fransız dilində olan məktəblərin şagirdləri üçün ümumi
(9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.
Çilov adasında yerləşən131 nömrəli məktəbə imtahan rəhbəri və
materialların daşınması “Azneft” İstehsalat Birliyinin helikopteri
vasitəsilə həyata keçirilir.

Bu barədə AzerTimes-a DİM-dən məlumat verilib. Bildirilib ki,
imtahanda 19 min 278 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanda 42 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə
əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə
imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb,
gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin
doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib.
Eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları
nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət
məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat
şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahan saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi
başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına
buraxılmır.

Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri
gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə
çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi şagirdin
özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan
nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə
çap olunmalıdır);

– Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam
olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya
Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu
almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər
sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və
fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3×4 sm
ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə
100 imtahan binası, 1494 imtahan zalı ayrılıb. İmtahanların idarə
olunmasına 100 ümumi imtahan rəhbəri, 253 imtahan rəhbəri, 1883
nəzarətçi-müəllim, 168 buraxılışı rejimi əməkdaşı (mühafizə) və 100
bina nümayəndəsi cəlb edilib.

Teqlər: