Prezident İlham Əliyev Ermənistanla sülh sazişinin imzalanmasının məqsədini tam aydın şəkildə müəyyənləşdirdi – İqor Korotçenko

Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində “Cənubi
Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilmiş beynəlxalq
konfransda Ermənistanla sülh sazişinin imzalanmasının məqsədini tam
aydın şəkildə müəyyənləşdirdi, bu bütün regiona sabitlik və çoxdan
gözlənilən sülh gətirəcək.

Bunu Trend
Rusiyanın nüfuzlu “Natsionalnaya oborona” jurnalının baş redaktoru,
məşhur hərbi ekspert İqor Korotçenko deyib.

“Burada əsas məsələ Ermənistanın, rəsmi Yerevanın tutmalı olduğu
mövqedir. Bu gün Ermənistan rəhbərliyindən, Nikol Paşinyanın yaxın
çevrəsindən gələn kifayət qədər ziddiyyətli siqnalları görürük. Bir
tərəfdən sülh sazişi imzalamaq öhdəliyi və hazırlığı bəyan edilir,
digər tərəfdən isə Yerevanın Qarabağı Azərbaycanın ayrılmaz hissəsi
kimi tanımaq istəməməsi kimi şərh oluna biləcək bəyanatlar da var.
Yəni ermənilərin təhlükəsizliyi ilə bağlı tezis yenidən önə
sürülür, yenə deyirlər ki, Azərbaycan hansısa izahat verməlidir.
Paşinyanın imzası üçtərəfli bəyanatda, sonrakı Moskva və Soçi
razılaşmalarında, Brüssel razılaşmalarında olduğu halda, burada
hansı izahatlar verilə bilər?”, – deyə İ.Korotçenko bildirib.

Onun sözlərinə görə, ya Ermənistan Azərbaycanın ərazi
bütövlüyünü tam olaraq tanıyır və ərazi iddialarından əbədi olaraq
imtina edir, bunu doktrinal olaraq, o cümlədən Ermənistan
konstitusiyasında və sülh sazişində təsdiq edir, ya da yenə də bu
ləngimələr, vəziyyətin normallaşması məsələsi qeyri-müəyyən müddətə
təxirə salınır.

“Bununla belə, ümid etmək istərdim ki, ən azı bu gün İrəvandan
eşitdiyimiz hər şey sırf daxili siyasi mübarizənin əks-sədasıdır,
burada müxalifət Paşinyana hücum etməyə çalışır və o, buna qarşı
mübarizə aparır. Buna baxmayaraq, sülh sazişi Azərbaycanın daha
əvvəl irəli sürdüyü bütün maddələr, o cümlədən ərazi bütövlüyünün
tam şəkildə tanınması əsasında imzalanacaq”, – deyə hərbi ekspert
bildirib.

Azərbaycan və Ermənistan nümayəndələri arasında Brüsseldə
keçiriləcək görüşdən danışan İ.Korotçenko Bakı və Yerevanın sülh
sazişi üzrə yekun konsensusa gələ biləcəklərinə ümid etdiyini
bildirib.

“Biz bu görüşdən çox şey gözləyirik, bu, çox vacib görüşdür.
Rusiya Ermənistan-Azərbaycan sülh nizamlanması prosesini
alqışlayır. Rusiya Prezidenti və Rusiya Xarici İşlər Nazirliyi
həmişə bildiriblər ki, Rusiya tərəfi belə təmasları, razılaşmaları
alqışlayır”, – deyə hərbi ekspert əlavə edib.

Teqlər: