BSU-da şəhid məzun Elnur Allahverdizadənin fotosərgisi açılıb (FOTO)

Bakı Slavyan Universitetində (BSU) bu ali təhsil ocağının şəhid
məzunu, 44 günlük Vətən müharibəsinin iştirakçısı Elnur
Allahverdizadənin fotosərgisinin açılışı olub. Fotosərgidə şəhidin
“street” janrında çəkdiyi müxtəlif maraqlı süjetə malik fotoları
nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan BSU-nun elmi işlər üzrə prorektoru,
professor Rafiq Novruzov əbədiyyətə qovuşan şəhidlərimizin daim
qəlblərdə yaşayacağını bildirib.

Tədbirdə iştirak edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai
Birliyinin sədri, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat
yoldaşı Sevinc Alızadə qeyd edib ki, şəhidlərimiz bütün dünyaya
nümunə olacaq qəhrəmanlıq salnaməsi yazdılar.

Tədrisin təşkili şöbəsinin müdiri, Elnur Allahverdizadənin
müəllimi olmuş Səbinə Tarıverdiyeva Elnurla bağlı xatirələrini
bölüşərək, bir müəllim üçün öz tələbəsi haqqında keçmiş zamanda
danışmağın ağır olduğunu dilə gətirib.

Tədbirin sonunda çıxış edən şəhidin valideyinləri tədbirin
təşkilinə görə universitet rəhbərliyinə təşəkkür ediblər.

Qeyd edək ki, şəhid Elnur Allahverdizadə Prezident İlham
Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad
olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif
edilib.

O, 2016-cı ildə BSU-nun Tərcümə fakültəsini çex dili ixtisası
üzrə bitirib.

Teqlər: