Brüsseldə danışıqlar çərçivəsində ciddi irəliləyiş əldə olunub – Sergey Markov

Brüsseldə danışıqlar çərçivəsində ciddi irəliləyiş əldə
olunub.

Bunu AzerTimes-a Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru
Sergey Markov Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl
Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Prezidenti İlham
Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən
görüşdə əldə olunan razılaşmanı şərh edərkən deyib.

O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında Brüsseldə baş
tutan danışıqlarda bir sıra vacib aspekt var.

“Birincisi, bu, ciddi, substantiv danışıqlar oldu və dörd
saatdan çox davam etdi. Bu çərçivədə ciddi irəliləyişlər əldə
olunub. İlk növbədə, birgə sərhəd komissiyasının yaradılması qərara
alınıb. Nəzərdə tutulduğu kimi, bu komissiya sərhədin
delimitasiyası və demarkasiyası üzrə işləri sürətləndirəcək. Bu
günədək Ermənistan bu işi pozurdu, amma indi bu istiqamətdə
irəliləməyə hazır olduğunu bildirib. İkincisi, hər iki tərəf
gələcək sülh müqaviləsinin hazırlanması ilə ciddi məşğul olmaq
niyyətini bildirib. Nəzərdə tutulur ki, sülh sazişi ən əsas
məsələni, sərhədlərin qarşılıqlı tanınmasını, digər sözlə
Ermənistanın Qarabağı Azərbaycanın hissəsi kimi tanımasını qeydə
alacaq”, – deyə S.Markov bildirib.

O vurğulayıb ki, Avropa İttifaqı Azərbaycanın işğaldan azad
edilmiş ərazilərinin minalardan təmizlənməsində kömək göstərə
bilər.

“Erməni işğalından azad edilmiş ərazilərin bərpası üçün ən böyük
problem minalardır. Orada hər yer minalanıb. Ermənistan bütün mina
xəritələrini verməyib, verilənlər isə 75 faiz faydasızdır. Əgər
Avropa İttifaqı böyük ərazilərin minalardan təmizlənməsi təcrübəsi
ilə bu məsələdə kömək göstərsə, bu, irəliyə atılan böyük addım
olacaq”, – S.Markov deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: