bp-nin regional prezidenti Bakı Ali Neft Məktəbində (FOTO)

bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional
prezidenti Qəri Counz Bakı Ali Neft Məktəbində (BANM) olub, Ali
Məktəbin kampusunda bp və tərəfdaşlarının BANM-ə hədiyyə etdiyi
laboratoriyaya baş çəkib.

Qonağı Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edən BANM-in
rektoru Elmar Qasımov bildirib ki, Ali Məktəb fəaliyyətə
başlayandan bp şirkəti daim dəstəyini göstərib və BANM-lə bp
arasındakı əməkdaşlıq ən yüksək səviyyədə həyata keçirilir: “bp ilə
uğurlu əməkdaşlığın göstəricilərindəndir ki, hər il onlarla
tələbəmiz bu şirkətdə təcrübə keçir. Hazırda bp-də kifayət qədər
BANM məzunu çalışır. bp əməkdaşları BANM-də tədrisdə iştirak edir,
bizim müəllimlər bp-nin layihələrinə qatılırlar. Ali Məktəbimizə bp
və tərəfdaşlarının göstərdiyi dəstəkdən çox məmnunuq”.

BANM-də əmək bazarının tələblərinə uyğun ixtisaslarda kadrlar
hazırlandığını bildirən rektor bərpaolunan enerji üzrə də kadr
yetişdirilməsinin planlaşdırıldığını, Azərbaycanda bu sahədə
ingilis və Azərbaycan dillərində yeganə dərsliyin də Ali Məktəb
tərəfindən dərc ediləcəyini vurğulayıb. Elmar Qasımov siqnal
nüsxəni Qəri Counza təqdim edib.

Professor-müəllim heyəti və tələbələr qarşısında çıxış edən Qəri
Counz BANM-in fəaliyyətini və sıx əməkdaşlığı yüksək
qiymətləndirərək şirkətin Azərbaycanda fəaliyyətinin 30 illiyi
münasibətilə və əməkdaşlığın inkişafına göstərilən dəstəyə görə
Təşəkkürnamə təqdim edib. Qeyd edilib ki, bu Təşəkkürnamə ilk
olaraq BANM-ə təqdim edilib.

Bakı Ali Neft Məktəbinin ölkənin ən nüfuzlu ali təhsil
müəssisələrindən olduğunu qeyd edən bp-nin regional prezidenti
bildirib ki, burada tələbələr beynəlxalq standartlara uyğun təhsil
alaraq peşəkar kadr kimi yetişirlər.

O, tələbələrə bp-nin Azərbaycandakı 30 illik fəaliyyəti, mühüm
enerji layihələrinin operatoru olaraq həyata keçirdiyi işlər,
enerjinin gələcəyi, gələcək trendlər, tələb olunan bacarıqlar
barədə məlumat verib. “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” və digər
neft-qaz layihələrinin operatoru olaraq bp-nin Azərbaycanda 30
ildir layihələri təhlükəsiz və etibarlı şəkildə həyata keçirdiyini
bildirən Qəri Counz, həmçinin işğaldan azad olunmuş ərazilərdə
günəş enerjisinin tikintisi layihəsi, ümumilikdə Azərbaycanın
bərpaolunan enerji mənbələri üzrə potensialı, bp-nin enerji
siyasəti, bərpaolunan enerji üzrə peşəkar mütəxəssislər
yetişdirilməsi üçün dərslik hazırlanmasına dəstək və “yaşıl
enerji”yə keçiddə əməkdaşlıqdan danışıb, tələbələrə tövsiyələrini
verib, onların suallarını cavablandırıb.

Teqlər: