Milli Məclisdə TÜRKPA-nın seminarı keçirilib (FOTO)

Aprelin 21-də Milli Məclisdə TÜRKPA-nın Sosial, mədəni və
humanitar məsələlər komissiyasının “Əhalinin sosial cəhətdən həssas
qruplarının sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi: reallıqlar
və perspektivlər” mövzusunda seminarı keçirilib.

Milli Məclisdən AzerTimes-a bildirilib ki, tədbir Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir
Mirkişili moderatorluq edib. Seminarı giriş nitqi ilə açan Tahir
Mirkişili iştirakçıları salamlayaraq bildirib ki, bu gün
pandemiyadan sonra TÜRKPA-nın ilk canlı iclasına ev sahibliyi edən
Azərbaycan Respublikasının Milli Məclisi Sahibə Qafarovanın
rəhbərliyi ilə dost və qardaş ölkələrimiz arasında qanunvericilik
sahəsində əməkdaşlığın və parlamentlərarası peşəkar münasibətlərin
inkişaf etdirilməsinə xüsusi önəm verir.

O, dünyada texnologiyaların inkişaf etməsi, əmək məhsuldarlığına
yaranan tələblər kontekstində əhalinin həssas qruplarının
qorunması, işsizliyin azaldılması, yoxsulluğa qarşı mübarizənin
vacibliyini qabardıb. Bu kontekstdə Azərbaycanda aparılan sosial
siyasətin əsas istiqamətləri, onun qanunverici bazası, sosial
sahibkarlığın inkişaf etdirilməsi, təşviqi mexanizmlərinin
yaradılması barədə danışan komitə sədri qeyd edib ki, təkcə ünvanlı
dövlət sosial yardım proqramı çərçivəsində il ərzində 47 min ailə
158 milyon manat vəsait alıb, özünüməşğulluq proqramları
çərçivəsində isə təxminən 16 minə yaxın vətəndaş istehsal
vasitələri ilə təmin edilib.

Komitə sədri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
xanım Əliyevanın təşəbbüsləri ilə Azərbaycanda sosial cəhətdən
həssas qruplara xüsusi qayğının göstərilməsi, onların əmək,
məşğulluq və yaradıcı potensialının gerçəkləşdirlməsi istiqamətində
görülən işlərdən və yaradılan inklüziv imkanlardan və innovativ
həllərdən bəhs edib.

Sonra TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er salamlama nitqi
ilə çıxış edib. O, toplantının Türk dünyasının qardaşlığına,
parlamentlərarası əlaqələrinə töhfə verəcəyinə inamını bildirib.
Mehmet Süreyya Er seminarın dünyanın, o cümlədən TÜRKPA ölkələrinin
də qarşılaşdığı müasir çağırışlar, xüsusən ən həssas təbəqələr üçün
imkanların genişləndirilməsi ilə bağlı üzərinə düşən məsuliyyətin
yerinə yetirilməsi baxımından əhəmiyyətinə toxunub.

TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının
sabah keçiriləcək 9-cu iclasında “Sosial sahibkarlığın inkişafı
haqqında” model qanun layihəsinin müzakirə ediləcəyini də qeyd edən
Baş katib tədbirin gerçəkləşməsində göstərdiyi yüksək
qonaqpərvərliyə və hərtərəfli dəstəyə görə Milli Məclisə və əməyi
keçən hər kəsə təşəkkürünü bildirib.

Seminarın açılış hissəsində Dayanıqlı və Operativ Sosial Təminat
Agentliyinin (DOST) İdarə Heyətinin sədri Fərid Məmmədov, Kiçik və
Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədr
müavini Samir Hümbətov çıxış ediblər.

Onlar Azərbaycanda sosial sahədə əhalinin rifah halının
yaxşılaşdırılması, həmçinin vətəndaş məmnunluğunun artırılmasına
yönəlmiş mütərəqqi, çoxşaxəli və mərhələli şəkildə həyata keçirilən
islahatlardan danışıblar, təmsil etdikləri qurumların gördüyü
işlər, əldə etdiyi nəticələr barədə məlumat veriblər.

Açılış hissəsi bitdikdən sonra seminar öz işini sessiyalarda
davam etdirib. Sessiyalarda TÜRKPA-ya üzv ölkələrin təqdimatları
dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

“TÜRKPA-nın üzv ölkələrinin əhalisinin sosial cəhətdən həssas
qruplarının sahibkarlıq fəaliyyətinə cəlb edilməsi problemləri və
qanunvericilik səviyyəsində həlli yolları” adlanan I sessiyası
TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının
sədri, Qırğız Respublikasının Joqorku Keneşinin üzvü Aybek
Osmonovun moderatorluğu ilə keçirilib.

Sessiyada Milli Məclisin deputatı, TÜRKPA-nın Sosial, mədəni və
humanitar məsələlər komissiyasının üzvü Hikmət Məmmədov çıxış
edib.

Hikmət Məmmədov hər bir cəmiyyətdə həssas qrupların
mövcudluğunun dəyişməz gerçəklik olduğunu qeyd edərək TÜRKPA-ya üzv
ölkələrin bu problemlərin həlində ortaq qərarlar qəbul etmək
istəyini yüksək qiymətləndirib. O, sosial məsələlərin mahiyyətinə
toxunaraq sosial təminatın yaxşılaşdırılması, inklüziv inkişafın
dəstəklənməsi, sosial sahibkarlığın aktuallığı barədə fikirlərini
səsləndirib.

Qeyd edək ki, bu sessiyada Azərbaycan tərəfindən təqdimatı
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin şöbə müdiri Aygün
Musayeva təqdim edib.

Seminarın “TÜRKPA-nın üzv ölkələrində sosial sahibkarlığın
inkişafının stimullaşdırılmasına qanunvericilik dəstəyi” adlanan II
sessiyasına Milli Məclisinin üzvü, TÜRKPA-nın Sosial, mədəni və
humanitar məsələlər komissiyasının sədr müavini, Nizami Cəfərov
moderatorluq edib.

Nizami Cəfərov sosial cəhətdən tarixən cəmiyyətin bir hissəsi
olmuş həssas qrupların problemlərinin müasir dövrdə aktuallaşmasına
toxunub, dünyada köçkün və qaçqınlarının sayının artmasının bu
problemi daha da qabartdığını bildirib. O, əhalinin sosial cəhətdən
həssas təbəqələrinin sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi,
həmçinin müəssisələrin bu kateqoriyadan olan vətəndaşları öz
fəaliyyətlərinə cəlb etməsi formaları ilə bağlı fikirlərini
bölüşüb.

II sessiyada Azərbaycan tərəfindən təqdimatla Milli Məclis
Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev
çıxış edib. O, sosial sahibkarlıq fenomenini qanunvericilik
aspektindən xarakterizə edib, onun Azərbaycan qanunvericiliyindəki
yeri, normativ-hüquqi bazası, təşkilati-hüquqi formaları haqqında
məlumat verib. Sosial sahibkarlığın inkişaf etdiyi sahələr, onun
hüquqi tənzimlənməsinin təməl prinsiplərindən bəhs edib.

Sessiyalardan sonra seminara yekun vuran Milli Məclisin komitə
sədri Tahir Mirkişili seminarda söylənənləri ümumiləşdirərək belə
bir fikir ifadə edib ki, sosial cəhətdən həssas təbəqələrinin
istehsal fəaliyyətinə cəlb edilməsində dövlətin həvəsləndirici
tədbirlərinin və qanunvericilik dəstəyinin rolu əvəzsizdir.

Teqlər: