BƏT 2022-ci ildə Gürcüstanda əmək təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək (Özəl)

Beynəlxalq Əmək Təşkilatı (BƏT) 2022-ci ilin birinci rübündə
Gürcüstanda hərtərəfli Əmək Məcəlləsinin yaradılmasına dəstək
verməyi planlaşdırır.

Bu barədə AzerTimes-a BƏT-in nümayəndəsi xəbər bildirib.

Onun sözlərinə görə, BƏT milli qanunvericiliyi və təcrübəni
beynəlxalq əmək standartlarına uyğunlaşdırmaqla Gürcüstanda
istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının
alınmasına töhfə vermək niyyətindədir.

“İşçilərin təhlükəsizliyinin və sağlamlığının təmin edilməsinə
yönəlmiş əmək mühafizəsi üzrə idarəetmə sistemlərinin tətbiqini
təmin etmək vacibdir”, – deyə nümayəndə bildirib.

O qeyd edib ki, dağ-mədən sektorunda, xüsusən də Gürcüstanın
Tkibuli regionunda təhlükəsizlik şərtləri xüsusi narahatlıq
doğurur, bu isə hərtərəfli, kompleksli, strateji, ətraflı və
çoxşaxəli yanaşma tələb edir.

“Biz Gürcüstandakı tərəfdaşlarımızla – hökumət, həmkarlar
ittifaqları və işəgötürənlərlə tərəfdaşlığı və əməkdaşlığı
dərinləşdirməyə hazırıq. Əsas məqsədimiz əmək mühafizəsi və
əhalinin məşğulluğuna töhfə verməkdir”, – deyə nümayəndə əlavə
edib.