İki güləşçimiz erməni rəqiblərini məğlub edərək Avropa çempionatının finalı yüksəlib

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı
davam edir.

Azərbaycan Güləş Federasiyasından AzerTimes-a verilən məlumata görə,
yarışın 5-ci günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən
yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Eldəniz Əzizli (55 kq) yarışa 1/4 finaldan start verib. Titullu
güləşçimiz rumıniyalı Denis Mihaya ilk hissədə tam üstünlüklə qalib
gəlib – 8:0. Eldəniz yarımfinalda erməni Rudik Mkrtçyana da gücünü
göstərib. Rəqibini 7:3 hesabıyla xalçadan məyus yola salan
təcrübəli pəhləvanımız 4 illik fasilədən sonra ikinci dəfə Avropa
çempionatının finalına yüksəlib. Əzizli həlledici görüşdə
gürcüstanlı Nuqzari Tsurtsumia ilə qarşılaşacaq.

Taleh Məmmədov (63 kq) yarışa 1/4 finaldan qoşulub. Təcrübəli
pəhləvanımız türkiyəli Ahmet Uyardan üstün olub – 5:1. Taleh
yarımfinalda erməni Qraçya Poqosyanla qarşılaşıb. Gərgin keçən
görüşün ikinci hissəsində uğurlu “çevirmə” fəndi Məmmədova qələbə
qazandırıb – 3:1. Beləliklə, Taleh də ikinci dəfə AÇ-nin finalında
güləşmək hüququ qazanıb. Həmyerlimizin finaldakı rəqibi gürcüstanlı
Leri Abuladze olacaq.

Sənan Süleymanov (77 kq) 1/8 finalda rumıniyalı İlye Koyokariyə
heç bir şans tanımayıb – 9:0. Süleymanov növbəti mərhələdə erməni
dünya çempionu Malxas Amoyanla gərgin keçən görüşdə minimal fərqlə
(6:5) uduzub. Rəqib finala yüksəldiyi üçün Sənan aprelin 2-də
təsəlliverici görüşə çıxacaq. Rəqib Mantas Sinkeviçyus (Litva) –
Denis Xorvat (Slovakiya) görüşünün qalibi olacaq.

İslam Abbasov (87 kq) ilk mərhələdə xorvat Matey Mandiçə minimal
fərqlə (4:3) qalib gəlib. Həmyerlimiz 1/4 finalda serbiyalı dünya
çempionu və Tokio Olimpiadasının bürünc medalçısı Zurabi
Datunaşviliylə gərgin keçən mübarizədən 5:3 hesablı qələbəylə
ayrılaraq adını yarımfinala yazdırıb. İslam final yolunda
rumıniyalı Niku Samuel Oyoqla güləşib. İlk hissənin əvvəllərində
əks-fənddə yaxalanan Abbasov məğlubiyyətdən qaça bilməyib.
Güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq.

Beka Kandelaki (130 kq) Avropa çempionatına inamlı qələbəylə
start verib. Təmsilçimiz ilk görüşdə ukraynalı Mixaylo
Vişnivetskiyə vaxtından əvvəl (10:0) qalib gəlib. Kandelaki 1/4
finalda erməni David Ovasapyan 5:1 hesabıyla məğlub edərək
yarımfinala yüksəlib. Beka finalın bir addımlığında dəfələrlə dünya
və Avropa çempionu olmuş, 3 qat olimpiya medalçısı Rza Kayaalpla
(Türkiyə) qarşılaşıb. Tərəflər görüş ərzində yalnız hərəyə 1 cərimə
xalı qazanıb. Sonuncu xalı rəqib əldə etdiyi üçün təmsilçimiz
bürünc medal üçün güləşəcək.

Qeyd edək ki, bu çəkilərdə təsəlliverici görüşlər və medal
qarşılaşmaları aprelin 2-də keçiriləcək.

Teqlər: