Beş il əvvəl baş verən qətlin üstü açılıb

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat
yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AzerTimes-a daxil olan birgə
məlumatda deyilir:

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi
Penitensiar Xidməti əmıkdaşlarının birgə fəaliyyəti nəticəsində
əvvəlki illərdən bağlı qalmış daha bir xüsusilə ağır-qəsdən adam
öldürmə cinayətinin üstünün açılması təmin edilib.

Belə ki, 07 iyul 2017-ci il tarixdə Quba rayonunun Küpçalqışlar
kəndi ərazisindəki Qudyalçayın üzərindəki körpünün altında
yandırılmış VAZ 2106 markalı avtomobilin içərisində Xaçmaz rayon
sakinləri 1984-cü il təvəllüdlü Rəhman İşıqov və 1998-ci il
təvəllüdlü Ülviyyə Məmmədovaya məxsus yanmış meyitlərin aşkar
olunması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə
cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi
(şəxsləri) müəyyən etmək mümkün olmadığından iş üzrə icraat
dayandırılmışdır.

Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət işi
yenidən öyrənildikdən sonra 25.04.2022-ci il tarixdə iş üzrə
dayandırılmış icraat təzələnmiş, həyata keçirilmiş çoxsaylı
istintaq və əməliyyat tədbirləri ilə, Xaçmaz rayon sakini 1994-cü
il təvəllüdlü Osman Ömərovun 06 iyul 2017-ci il tarixdən 07 iyul
2017-ci il tarixə keçən gecə Ülviyyə Məmmədova və Rəhman İşıqovla
yaşadığı kəndin ərazisində görüşüb aralarında yaranmış mübahisənin
gedişində Ülviyyə Məmmədovanı deşici alətlə vurub xəsarət
yetirməsindən sonra Rəhman İşıqovla aralarında baş vermiş mübahisə
ilə əlaqədar üzərində gəzdirdiyi bıçaqla sonuncunun bədəninin
müxtəlif nahiyyələrinə xəsarətlər yetirib, daha sonra cinayətin
izini itirmək üçün yol-nəqliyyat hadisəsi görüntüsü yaratmaq
məqsədilə Ülviyyə Məmmədova və Rəhman İşıqovun meyitlərini
sonuncuya məxsus avtomobilin içərisində Qudyalçayın üzərindəki
körpünün altında yandırmasına əsaslı şübhələr müəyyən
edilmişdir.

Toplanmış mötəbər sübutlar əsasında Osman Ömərov 19 may 2022-ci
il tarixdə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə
təqsirləndirilən şəxs qismində cəlb edilməklə hazırda iş üzrə
istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət
mərkəzində saxlanılmaqla bu istiqamətdə digər hüquq mühafizə
orqanları ilə birgə işlər davam etdirilir.

Teqlər: