Bazar günü 20 mindən artıq şagird Azərbaycan dilindən imtahan verəcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-ci il mayın 8-də tədrisi
Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil
müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış
imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı
keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən AzerTimes-a verilən məlumata görə, mayın
8-də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını
Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları
üçün də Azərbaycan dili (dövlət dili kimi) imtahanı
keçiriləcək.

İmtahan ümumilikdə 21 şəhər və rayonda, 95 binada
aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış
rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına
buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan
vaxtda gəlmək lazımdır.

Cari ilin 9-cu və 11-ci sinif şagirdləri
buradan
, əvvəlki illərin məzunları isə
buradan
“İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– imtahana buraxılış vərəqəsini;

– şəxsiyyəti təsdiq edən sənədin əslini.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam
olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya
Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu
almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə
yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri
yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli
yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda iştirakçılara 30 tapşırıq təqdim olunur:

  • dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı
    və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1
    tapşırıq);
  • dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10
    qapalı tipli tapşırıq;
  • oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7
    qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli
    1 tapşırıq).

İmtahanın müddəti 1 saat 30 dəqiqədir.

Cari il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum
bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya
sənədinə yazılacaq.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün
isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət
almış hesab olunurlar.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını
Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları
imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması
üçün onun topladığı bal 15-dən az olmamalıdır.

İmtahanda ümumilikdə 20555 (Bakıda 13677, Sumqayıtda 755,
Abşeronda 723, Naxçıvanda 46, Gəncədə 1383, Şəmkirdə 96, Tovuzda
189, Mingəçevirdə 186, Yevlaxda 121, Şəkidə 132, Zaqatalada 302,
Balakəndə 242, Qəbələdə 204, Qaxda 169, Bərdədə 241, Göyçayda 227,
Şirvanda 339, Lənkəranda 354, Qubada 224, Qusarda 473, Xaçmazda
482) şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulub.

İmtahanın idarə olunması üçün 95 ümumi imtahan rəhbəri, 248
imtahan rəhbəri, 1913 nəzarətçi-müəllim ayrılıb, 190 buraxılış
rejimi əməkdaşı (mühafizə), 95 bina nümayəndəsi ayrılıb.

Teqlər: