28 May Müstəqillik Günü tariximizin ən şanlı və parlaq səhifələrindən biridir – Rauf Əliyev

28 May Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şanlı
və parlaq səhifələrdən biridir. Yüz dörd il bundan əvvəl -1918-ci
il mayın 28-də Azərbaycan Xalq cumhuriyyətinin yaradılması
ölkəmizin, xalqımızın həyatına böyük tarixi hadisə kimi daxil oldu.
Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı
özünün azadlığı və müstəqilliyi uğrunda daim mübarizə aparmış,
Azərbaycan tarixinin əhəmiyyətli və yadda qalan dövrlərindən olan
XX əsrin əvvəllərində, dünyanın siyasi nizamının yenidən qurulduğu
bir vaxtda istiqlaliyyətini elan etmişdir. 1918-ci il may ayının
28-də Şərqdə ilk demokratik dövlət qurluşu kimi yaranmış Azərbaycan
Xalq Cumhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı
olmaqla milli dövlətçilk salnaməsini müstəsna dərəcədə
zənginləşdirmişdir.

28 May Müstəqillik Günü-Azərbaycan Xalq Cümhuriyyətinin əsasının
qoyulduğu gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə
yaşayan Azərbaycan xalqı XX – əsrin əvvəllərində bu may günündə öz
arzusuna qovuşdu. Şərqdə ilk dəfə olaraq, demokratik, dünyəvi
dəyərlərə əsaslanan müstəqil respublikanın yarandığı bütün dünyaya
bəyan edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX
əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu.
Azərbaycan Xalq Cumhhuriyyəti 23 ay ərzində fəaliyyət göstərmişdir.
Ancaq bu müddət ərzində böyük işlər görə bilmişdir. Azərbaycanın
dövlət bayrağı , Azərbaycan vətəndaşlığı təsis edilmiş, milli
ordumuz yaradılmışdır. Qısa müddət ərzində 200-dən şox qanun qəbul
edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik
dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə
birləşdirərək yeni bir dövlət və cəmiyyət nümunəsi idi. İlk
respublika dövründə həyata keçirilən tədbirlər müstəqil
dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf
yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdı.
Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini
mənsubiyyətindən aslı olmayaraq bütün vətəndaşların bərabər
hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl
qadınlara seçki hüququnun verilməsi təmin edilmişdi. Azərbaycan
dilinin dövlət dili elan olunması, təhsil və mədəniyyətin
inkişafına xüsusi diqqət göstərməsi, milli ordunun, təhlükəsizlik
strukturlarının yaradılması və sair mühüm tədbirlərin həyata
keçirilməsi böyük əhəmiyyət daşıyırdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan
Xalq Cumhuriyyəti barəsində demişdir: “Azərbaycan Xalq
Cümhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq
müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı
olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır.
Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır,
Azərbaycan xalqı azadlıqsevər, mütərəqqi xalqdır”. Dövlət
başçımızın müvafiq sərəncamları ilə 2018-ci il ölkəmizdə
“Azərbaycan Xalq Cumhhuriyyəti İli” elan olundu və AXC-nin 100
illik yubileyi təntənəli şəkildə qeyd edildi.

1991-ci ilin oktyabr ayında Azərbaycan xalqı XX əsrdə ikinci
dəfə öz müstəqiliyini elan etdi. 1993-cü ilin may-iyun aylarında
Azərbaycanda hökumət böhranənən son dərəcə kəskinləşməsi ilə ölkədə
vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyimizin
itirilməsinə real təhlükə yaranandə xalqın çağrışı ilə ümummilli
lider Heydər Əliyev ikinci dəfə həkimiyyətə gətirildi və Azərbaycan
müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Ulu öndər Heydər
Əliyev dəfələrlə bildirmişdir ki, biz bu gün demokratik Azərbaycan
dövlətini qururuqsa, ayağa qldırırıqsa, Xalq Cumhuriyyətinə
borcluyuq. Azərbaycan Xalq cumhuriyyətinin tariximizdəki yeri və
roluna xüsusi önəm verən Heydər Əliyev deyirdi: ”Biz ilk Demokratik
Cumhuruyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın
dövlət müstəqilliyi günü- Respublika Günü elan etmişik və bu, bizim
milli bayramımızdır”

1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri
kimi daxil olub. Ulu öndər Heydər Əliyev demişdi: “ Biz müstəqil
Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyduq, onu qururuq,
yaradırıq. Onu indiki nəsillər üçün yaradırıq, gələcək nəsillər
üçün yaradırıq. Bizim üzərimizə şərəfli bir vəzifə düşübdür. Güman
edirəm ki hər bir vətəndaş bu vəzifənin yerinə yetirilməsində öz
yerini tapacaqdır”

2003-cü ildən sonrakı dövr böyük yolun davamı kimi
dəyərləndirilir. Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük
əksəriyyətinin dəstəyini qazanaraq Azərbaycan Respublikasının
Prezidenti seçildiyi vaxtdan iqtisadiyyatın bütün sahələrinin,
xüsusilə qeyri-neft sektorunun inkişafını, xalqın sosial –rifah
halının yaxşılaşdırılması məsələlərini daim diqqətdə saxlayır.
Heydər Əliyev siyasi kyrsunu layiqincə davam etdirməklə yanaşı ,
həmdə dövlət idarəçiliyində yeni məktəbin yaradıcısı olan
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
müəyyənləşdirdiyi və həyata keçirdiyi hərtərəfli siyasi kurs
Azərbaycanın dövlət müstəqilliyini daha də möhkəmləndirir.

Dünyada baş verən qlobal iqtisadi-maliyyə böhranlarına,
hal-hazırda davam edən COVID-19 koronavirus pandemiyasına
baxmayaraq, Azərbaycanda əldə olunan uğurlar dünyanın nüfuzlu
beynəlxalq təşkilatları tərəfindən qeydə alınmışdır. Düya Bankının
“Doing Business” hesabatında reyinqə görə, Azərbaycan 190 ölkə
arasında 28-ci yerdədir. Azərbaycan 10 ən islahatçı ölkə sırasına
daxil edilmişdir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatının
bəzi parametrlərinə görə Azərbaycan dünyanın 74 inkişaf etmiş
ölkəsi arasında öncül sıralardadır. Əhalinin elektrik təchizatı
səviyyəsinə görə dünya miqyasında Azərbaycan ikinci yerdədir.
Hökumətin dəyişməyə cavabdehliyi, yəni islahatçı obrazı əmsalına
görə dünya miqyasında beşinci yerdədir. Azərbaycan Hökumətin
uzunmüddətli strategiyası üzrə 10-cu yerdədə, hökumətin siyasi
stabilliyi təmin etməsi üzrə 11-ci yerdədir.İnfrastruktur
layihələri ilə bağlı göstəriciləri də yüksəkdir.

Azərbaycan dəmir yolu xidmətlərinin səmərəliliyi üzrə 12-ci
yerdə, avtomobil yollarının keyfiyyəti üzrə isə 24-27-ci
yerlərdədir. İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü
yerdədir.

Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan
Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının
rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli
düşünülmüş, balanslaşdırılmış xarici siyasət nəticəsində, Şanlı
Azərbaycan Ordusu 44 gün davam edən Vətən Müharibəsində işğalçı
Ermənistan ordusunu darmadağın edərək Tarixi Zəfərə imza ataraq
uzun müddət işğal altında olan torpaqlarımızı işğaldan azad etdi.
Bu Azərbaycan xalqının böyük tarixi qələbəsidir.

Müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın
yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə
kimi tanınması, Azərbaycan Prezidentinin rəhbərliyi ilə
müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, müdrik
çoxşaxəli siyasət, qazanılmış uğurlar əminliklə söyləməyə əsas
verir ki, Azərbaycan dövlət müstəqilliyini bir də heç vaxt əldən
verməyəcək, müstəqillik əbədi olacaq.

Milli Məclisin deputatı

Rauf Əliyev

Teqlər: