Bakıda və regionlarda KOB-ların məhsullarının sərgi-satış yarmarkaları – “KOB Fest” təşkil olunacaq

Bakıda və ölkə regionlarında mikro və kiçik sahibkarlıq
subyektlərinin məhsul və xidmətlərindən ibarət sərgi-satış
yarmarkaları – “KOB Fest” keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə
təşkil olunacaq yarmarkaların məqsədi mikro və kiçik sahibkarlıq
subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş
istehlakçı auditoriyasına təqdim edilməsi və satışına dəstək olmaq,
eləcə də yerli məhsulların tanıdılmasıdır. Yerli istehsalçı ilə
istehlakçı arasında birbaşa əlaqə yaradacaq yarmarkalar KOB-ların
məhsullarının daha çox satılması və tanıdılması ilə yanaşı, KOB-lar
və təchizatçılar arasında işgüzar əlaqələrin qurulmasını, həssas
əhali qrupuna aid sahibkarlıq subyektlərinin satış imkanlarının
genişləndirilməsini də hədəfləyir.

İlk “KOB Fest” – sərgi-satış yarmarkası 25-26 aprel tarixlərində “İçərişəhər”də təşkil olunacaq. 25 aprel – Sahibkarlar Gününə həsr
ediləcək yarmarkada KOB subyektlərinin istehsal etdikləri qida və
qeyri-qida məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl
işləri, eləcə də KOB-lar tərəfindən göstərilən xidmətlər təqdim
ediləcək. Yerli startaplar da öz məhsul və xidmətləri ilə
yarmarkada təmsil olunacaqlar. Yarmarka çərçivəsində həmçinin,
sahibkarlar arasında “B2B” görüşlər keçiriləcək, biznes xidmətləri
göstəriləcək, eləcə də mədəni-əyləncəli proqram, yaradıcı şəxslər
və sənətkarlar tərəfindən master-klasslar təşkil olunacaq.

Yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və
kiçik sahibkarlıq subyektləri KOBİA-ya müraciət edə bilərlər.
Müraciətlər elektron qaydada qəbul olunur:
https://smb.gov.az/az/contact-form/exhibition-form/1

KOBİA Bakı sakinlərini və şəhərimizin qonaqlarını 25-26 aprel
tarixlərində “İçərişəhər”də (Qoşa Qala Meydanı) keçiriləcək “KOB
Fest” – sərgi-satış yarmarkasına dəvət edir.

Teqlər: