Bakıda qəzalı binaların sayı açıqlanıb

Hazırda Bakıda qəzalı vəziyyətdə olan binaların sayı 1000-ə
yaxınlaşır.

AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı
Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

“Bütün rayonlarda az-çox bu cür qəzalı vəziyyət olan binalar
mövcuddur. Bu məsələni daha dərindən öyrənmək məqsədilə artıq
komissiya yaradılıb. Komissiyaya vaxt ayrılıb. Bir ay ərzində rayon
icra hakimiyyətinin fəal iştirakı ilə onlar məlumatı toplayıb bizə
təqdim etməlidirlər. Nə az, nə çox qəzalı vəziyyətdə olan binaların
sayı 1000-ə yaxınlaşır.

Orta hesabla hər binada 100-200-ə qədər ailə məskunlaşır. Bu
məsələ bu gün kəskin olaraq gündəlikdə durub. Baxmayaraq ki, son
illər Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bu
binaların sayı 30 % azalıb. Bu da bir nailiyyətdir. Amma yenə
deyirəm qəzalı vəziyyətdə olan binaların sayı çoxdur. İlkin olaraq
işə daha pis vəziyyətdə olan qəzalı binalardan başlamalıyıq”, –
deyə o əlavə edib.

Teqlər: