“Azercell Telekom” Şuşada Eksklüziv ofisini açmağa hazırlaşır

Azərbaycanın qüruru sayılan Şuşada həyat yenidən qurulur. Hər
sahə üzrə aparılan bərpa işləri şəhərin canlanmasına səbəb olur.
Şanlı ordumuzun ardınca Şuşaya daxil olan və burada ilk mobil
şəbəkəni quran “Azercell Telekom” MMC mədəniyyət paytaxtında öz ilk
Eksklüziv ofisini açmağa hazırlaşır.

Ölkənin lider mobil operatoru Şuşaya səfər edən və orada çalışan
abunəçilərə operativ şəkildə xidmət göstərilməsi üçün şəhərin Aslan
Qaraşərov küçəsi, 2 ünvanında ofisin açılışı ilə bağlı hazırlıq
işlərini artıq tamamlamaq üzrədir. Eksklüziv tipli mağazaların
özəlliyi ofisdə açıq sahələrin mövcudluğu, rahat xidmət
göstərilməsi və seçim imkanlarının olmasındadır.

Azercell “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!”
strateji məqsədinə uyğun olaraq, işğaldan azad olunmuş
ərazilərimizin sürətli inkişafına öz töhfəsini verməyə çalışır və
Qarabağda mobil şəbəkə infrastrukturunun qurulmasını intensiv
şəkildə davam etdirir. Şirkət bu ərazilərdə 2G/3G/4G radio baza
stansiyaları quraşdırmaqla Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan,
Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşanın
qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və digər
əraziləri artıq yüksək keyfiyyətli mobil xidmətlərlə təmin
edib.

Xatırladaq ki, məhz Azercell işğaldan azad olunmuş ərazilərdə
ilk mobil infrastrukturunu və dördüncü nəsil LTE radio baza
stansiyalarını qurub. Bundan əlavə, Qarabağda müştərilərinə canlı
xidmət göstərən ilk mobil operator da məhz Azercell olub. Hələ ötən
ilin sentyabrında Azercell Mobil Müştəri Xidmətləri Şuşa şəhərinə
səfər edərək orada 200-ə yaxın abunəçiyə xidmət göstərib. Azercell
komandası Yuxarı Gövhər Ağa Məscidi, Şuşa şəhər İcra Hakimiyyətinin
yaxınlığında yerləşən böyük meydanda 50-dən çox müxtəlif müştəri
əməliyyatını həyata keçirib.

Azercell Qarabağda yeni nəsil şəbəkəsinin əhatə dairəsinin
genişləndirilməsi və bu ərazilərə qayıdacaq əhalini yüksək
keyfiyyətli kommunikasiya xidmətləri və innovativ həllərlə təmin
edilməsi üçün genişmiqyaslı işlərini davam etdirir.