“AZERCELL CUP” müsabiqəsinin qalibləri mükafatlandırılıb (FOTO)

Proqramlaşdırma üzrə müsabiqənin gənc qalibləri
Azercell Plazada təltif edildi

Aprel ayının 27-si “Azercell Telekom” MMC və Azərbaycan
Respublikasının Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində
təşkil edilən “AZERCELL CUP” müsabiqəsinin qalibləri ilə görüş
keçirildi. 300-dən çox 5-7-ci sinif şagirdlərinin qatıldığı
müsabiqədə informatika fənni üzrə xüsusi bilikləri ilə fərqlənərək
birinci, ikinci və üçüncü yeri qazanan 21 iştirakçı lider mobil
operator tərəfindən sertifikatlar və dəyərli hədiyyələr ilə təltif
edildi.

Mükafatlandırma mərasimi “Azercell Telekom” MMC-nin rəhbər
heyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Təhsil
İnstitutunun rəsmilərinin iştirakı ilə baş tutdu.

Tədbirin açılışını edən Azercell-in Media ilə əlaqələr üzrə
direktoru Nigar Şıxlinskaya qalibləri təbrik edərək gənclərin elmi
potensialının aşkar edilməsinə və inkişafına yönələn bu təşəbbüsün
Azercell üçün böyük əhəmiyyət kəsb etdiyini vurğuladı: “İKT müasir
həyatın bütün aspektlərini əhatə edir, həm insanlar, həm də
cihazlar arasında qarşılıqlı fəaliyyət, ünsiyyət, informasiya əldə
etmək üçün yeni, daha sürətli yollar təqdim edir. İKT sahəsi üzrə
mütəxəssislərin yetişdirilməsi, rəqəmsal texnologiyalara,
informatika elminə maraq göstərən, alqoritmik düşünmə qabiliyyəti
ilə fərqlənən şagird və tələbələrin inkişaf etdirilməsi Azercell-in
sosial məsuliyyət strategiyasının vacib istiqamətlərindəndir.
2017-ci ildən etibarən Azercell Təhsil Nazirliyi və İnformatika
üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı qismində
məktəblilərimizin müxtəlif miqyaslı beynəlxalq olimpiada və
müsabiqələrə hazırlıq prosesinə dəstək olur. Şagirdlərimizlə qürur
duyur, onlara topladıqları bilikləri uğurla nümayiş etdirməyi arzu
edirik!”.

Sözügedən müddətdə məktəblilərimiz müxtəlif miqyaslı olimpiada
və müsabiqələrdə uğurla çıxış edərək 1 qızıl, 10 gümüş, 23 bürünc
olmaqla, ümumilikdə 34 medal əldə ediblər.

Ümumi təhsilin təşkili və idarəolunması sektorunun rəhbəri Fuad
Qarayev bu layihənin gerçəkləşməsinə göstərdiyi dəstək üçün
Azercell şirkətinə öz təşəkkürünü bildirərək ümumtəhsil
müəssisələrində dövlət və özəl əməkdaşlığının əhəmiyyətini
vurğuladı.

Tədbirin rəsmi hissəsindən sonra Azercell Plazada şagirdlər üçün
ekskursiya proqramı da təşkil edildi. Məktəblilər şirkətin
ayrı-ayrı şöbələrinin fəaliyyəti ilə yaxından tanış olub, onları
maraqlandıran sualları Azercell əməkdaşlarına ünvanladılar.

Xatırladaq ki, ötən ilin iyun ayında start verilən “AZERCELL
CUP” proqramlaşdırma üzrə iki mərhələli müsabiqə lider mobil
operatorun 25 illik yubileyinə həsr olunmuşdur. ADA universitetində
baş tutan final turunda 5 alqoritmik məsələnin həlli üçün 3 saat
vaxt təqdim edilmişdir. Nəticədə 4 şagird birinci, 7 şagird ikinci
və 10 şagird isə üçüncü yeri qazanmış oldu.