Azərbaycanlı tələbələrin yanğınsöndürən dron layihəsi TEKNOFEST-də finala çıxıb (VİDEO)

TEKNOFEST Beynəlxalq aviasiya, kosmos və
texnologiya festivalı çərçivəsində Bakıda birmühərrikli pilotsuz
uçuş aparatı layihəsi təqdim olunacaq.

Bunu TrendTEKNOFEST-in iştirakçısı olan “BsuFlight Team
T-11” komandasının üzvü Firəngiz Qurbanova deyib.

Onun sözlərinə görə, PUA müstəqil uçuş funksiyasına malik
olacaq.

“Aparatın ön hissəsində 360 dərəcə görüntülü kamera
quraşdırılacaq. Həmçinin PUA qaz sensorları və tüstü detektorları
ilə təchiz olunacaq. Bu qurğular yanğın olan ərazilərn aşkar
olunmasına kömək edəcək”, – deyə o bildirib.

Onun sözlərinə görə, PUA fövqəladə hallar üzrə xidmətlərə kömək
göstərə bilər.

“Bizim aparatımız ucqar ərazilərdə yanğın və ya tüstülənməni
asanlıqla aşkar edə, koordinatları ötürə və ya özü söndürə bilər.
Bunun üçün aparat xüsusi yanğınsöndürən şarlarla təchiz olunacaq”,
– F.Qurbanova deyib.

“Şarların iş prinsipi onların 80 dərəcəyədək qızma halında özünü
aktivləşdirməkdən ibarətdir. Bu temperatura çatdıqdan sonra şarın
örtüyü parçalanır və nəticədə yanğınsöndürən tozlar ətrafa
səpələnir”, – o əlavə edib.

Öz növbəsində kapitan Rəşad Qocalar komandanın bu istiqamətdə
Azərbaycanın fövqəladə hallar xidmətlərinə dəstək göstərməyə hazır
olduğunu bildirib.

Qeyd edək ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçiriləcək.

Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda Bakıda
“Teknofest” in “prodakşn” ofisi fəaliyyət göstərir. Ofisin tam
heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki
direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji
Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin
60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin
tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.