Azərbaycanlı sahibkarlar Özbəkistanla tikinti sektorunda əməkdaşlıqda maraqlıdır

Daşkənd. Trend:

Özbəkistanlı sahibkarlarla əməkdaşlıq uzun illər ərzində uğurla
inkişaf edir.

Trend-in
məlumatına görə, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının
vitse-prezidenti Vüqar Zeynalov birinci Daşkənd Beynəlxalq
İnvestisiya Forumunda deyib.

“Son illər ərzində Özbəkistan iqtisadiyyatı əhəmiyyətli dərəcədə
dəyişib, bütün sahələrdə məhsuldar əməkdaşlıq üçün böyük
perspektivlər yaranıb. Çoxlu sayda Azərbaycan şirkəti Özbəkistanla
əməkdaşlıq edir. Burada onların nümayəndəlikləri və istehsal
müəssisələri var. Bizim 10 nəfərdən ibarət nümayəndə heyətimiz
Azərbaycanın müxtəlif şirkətlərini təmsil edir. Onlar kənd
təsərrüfatından tikinti sektorunadək bir sıra sahələrdə biznesin
inkişafında, mühüm layihələrin reallaşdırılmasında və təcrübə
mübadiləsində maraqlıdır. Qeyd etmək istərdim ki, son üç il
ərzində, pandemiyaya baxmayaraq ölkələrimiz arasında
ticari-iqtisadi münasibətlər genişlənib, qida sənayesi, elektronika
və kənd təsərrüfatı sahələrində ticarət dövriyyəsi 30 faiz artıb”,
– deyə V.Zeynalov bildirib.

Qeyd edək ki, Özbəkistanda birinci Daşkənd Beynəlxalq
İnvestisiya Forumu başlayıb. Tədbirdə bir sıra ölkələrdən, o
cümlədən Azərbaycandan iri investisiya, maliyyə-iqtisadi
təşkilatlar və şirkətlərin, rəsmi strukturların rəhbərləri və
nümayəndələri iştirak edirlər.

(Tərcümə: Orxan Nəbiyev)