Antisanitar vəziyyətdə saçaqlı pendir istehsal edən sex aşkarlanıb

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)
səlahiyyətlərinə aid məsələlərlə bağlı AQTA-nın Çağrı Mərkəzinə
daxil olan bütün müraciətlərə həssaslıqla yanaşılır, o cümlədən
sorğu, sual, ərizə, təklif və şikayətlərin qəbulu, baxılması,
araşdırılması və operativ cavablandırılması daim diqqətdə
saxlanılır.

AQTA-dan Trend-ə verilən məlumata görə,“1003 – Çağrı
Mərkəzi”nə daxil olan növbəti şikayət Bərdə rayonunun Mirzəxan
kəndində yerləşən sexdə antisanitar vəziyyətdə saçaqlı pendir
istehsalı və obyektin qeydiyyatdan keçmədən fəaliyyət göstərməsi
ilə bağlı olub. Müraciət əsasında Agentliyin əməkdaşları tərəfindən
müvafiq qaydada araşdırmalar aparılıb. Yoxlama nəticəsində
müəssisənin “Yeyinti məhsulları haqqında” Qanuna zidd olaraq,
qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi qeydə alınıb. Nəticədə
“İnzibati Xətalar Məcəlləsi”nin 220.2-ci maddəsi üzrə inzibati
xətanı törətdiyinə görə məsul fiziki şəxs barəsində inzibati cərimə
tənbeh növü tətbiq edilib və müəssisənin fəaliyyəti
məhdudlaşdırılıb.

Qeyd edək ki, qanunların aliliyinin təmin edilməsi,
müraciətlərin obyektiv araşdırılması və cavablandırılması,
sui-istifadə əməllərinin qarşısının alınması, fəaliyyətin
təkmilləşdirilməsi, xidmət keyfiyyətinin ölçülməsi və
yüksəldilməsi, eyni zamanda vətəndaş məmnunluğunun təmin edilməsi
məqsədilə AQTA-da Çağrı Mərkəzinə daxil olmuş müraciətlərin
mütəmadi təhlili aparılır, müvafiq tədbirlər həyata keçirilir.

Agentlik ümumi fəaliyyətin daha effektiv və səmərəli təşkili
üçün vətəndaş cəmiyyəti strukturlarını proseslərdə yaxından, fəal
iştiraka dəvət edir, vətəndaş cəmiyyətinin hər bir üzvünü
istehlakçı olaraq ictimai nəzarətdə fəal olmağa çağırır. Həmçinin
vətəndaşlardan qida sahəsində qarşılaşdıqları neqativ hallarla
bağlı “1003 – Çağrı Mərkəzi”nə və ya aidiyyəti üzrə hüquq mühafizə
orqanlarına məlumat vermələri xahiş olunur.

Teqlər: