Azərbaycanlı qardaşlarımızla səmərəli işə hazırıq – Sadır Japarov

azərbaycanlı qardaşlarımızla səmərəli işə hazırıq

Trend xəbər verir ki, bunu Qırğız Respublikasının Prezidenti
Sadır Japarov aprelin 20-də Prezident İlham Əliyevlə birgə mətbuata
bəyanatla çıxışı zamanı deyib.

Qırğız dövlət başçısı bildirib:

“Bu gün dünyada baş verən dərin dəyişikliklər bizə yeni tipli
münasibətlər qurmaq, onları daha humanist etmək, ləyaqət və şərəf
kimi əzəli türk dəyərlərini əsas götürmək üçün tarixi şans verir.
Türk məkanında bu yeni münasibətlər yeni dövrün dövlətlərarası
qarşılıqlı münasibətlərinin nümunəsi olmalıdır. Azərbaycan
Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevin
bizim baxışlarımıza şərik olmasını və onları tamamilə
dəstəkləməsini dərk etmək mənə böyük məmnunluq verir.

Mürəkkəb dövrlərdə güclü liderlər tələb olunur. Öz ölkəsini daha
güclü, dünyanı isə daha yaxşı etmək üçün məsuliyyət onların üzərinə
düşür. Buna görə də fürsətdən istifadə edib Prezident Əliyevə
səmimi qəlbdən hər bir işində uğurlar, Azərbaycan xalqının rifahı
və ümumbəşəri dəyərlər naminə ali məqsədlərə çatmaq üçün tükənməz
enerji arzu etmək istərdim. Biz bu dəyərlər əsasında azərbaycanlı
qardaşlarımızla səmərəli işə hazırıq və inanırıq ki, birlikdə bütün
çətinlikləri aradan qaldıracaq, daha yaxşı dünya qurulmasına öz
töhfəmizi verəcəyik. Bunun üçün bizim hər cür şəraitimiz var”.

Teqlər: