Qırğız Respublikası Prezidentinin xanımı Azərbaycan Milli Xalça Muzeyində olub

Ölkəmizdə səfərdə olan Qırğız Respublikası Prezidentinin xanımı
Ayqul Japarova aprelin 20-də Azərbaycan Milli Xalça Muzeyində
olub.

Trend xəbər verir ki, burada qonağa xalqımızın qədim xalçaçılıq
sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verilib.
Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii
istiqamətlərini əks etdirən Muzeyin kolleksiyası nadir gözəlliyin,
istifadə olunan materialların, toxuma texnikasının, xalçalara
məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş
etdirir.

Diqqətə çatdırılıb ki, “qızıl fondu”nu xovlu xalçalar təşkil
edən Muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri
saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin –
Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin
xalça nümunələri təqdim olunur. Xalçalar xalqın həyat və məişətini
əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan
sənət əsərləridir.

Diqqətə çatdırılıb ki, Azərbaycanın Birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti
sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da
UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Maddi-mədəni irsimizlə yanaşı, Muzey binasının orijinal
görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu qonaqda xoş
təəssürat yaradıb.

Teqlər: