YAP Xətai rayon təşkilatında fəallarla növbəti görüş keçirilib (FOTO)

Aprelin 20-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatında bir qrup fəal üzvlərlə görüş keçirilib.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bu gün
dinamik inkişaf yolunda inamla addımlayan Azərbaycanın
uğurlarından, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol
oynayan, cəmiyyətdə böyük nüfuz qazanan Yeni Azərbaycan
Partiyasının uğurlarımızda rolundan geniş bəhs edib: “Ulu öndər
Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan
düşünülmüş və məqsədyönlü siyasətin, dövrün tələblərinə uyğun
təkmil islahatların nəticəsi olaraq yeni-yeni hədəflərə doğru
inamla irəliləyir. 2020-ci il noyabrın 10-da Azərbaycanın
hərbi-siyasi qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi
olan üçtərəfli Bəyanatın imzalanmasına qədər hər bir
azərbaycanlının bir arzusu, istəyi var idi-Torpaqlarımız işğaldan
azad edilsin, ərazi bütövlüyümüz bərpa olunsun, soydaşlarımız doğma
yurd-yuvalarına qayıtsın. Artıq iki ilə yaxındır ki, qarşımızda
dayanan hədəflər daha qürurvericidir. Dövlət başçısı, Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tarix
yazdıqdan sonra əsas məqsəd işğaldan azad edilmiş ərazilərimizdə
bərpa-quruculuq işlərini həyata keçirmək, soydaşlarımızın Böyük
Qayıdışına nail olmaq, Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın
dayanıqlı inkişafını təmin etməkdir.”

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycanın qazandığı
nailiyyətlərdə bütövlükdə Yeni Azərbaycan Partiyasının və onun hər
bir üzvünün özünəməxsus rolu, töhfələri vardır: “Bu il Yeni
Azərbaycan Partiyasının yaradılmasının 30 ili tamam olur. Yarandığı
gündən tutduğu yola sadiqlik nümayiş etdirən, “Güclü dövlət, yüksək
rifah!” prinsipini fəaliyyətinin əsasında saxlayan Yeni Azərbaycan
Partiyası xalqın partiyasına çevrildi. Sıralarında bütün
təbəqələrdən olan insanları birləşdirən YAP monolit partiya kimi
mövqeyini günbəgün möhkəmləndirir. Hazırda partiyanın sıralarında
800 minə yaxın üzvün birləşməsi ulu öndər Heydər Əliyev ideyalarına
sədaqətin, onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasətə inamın göstəricisidir. Partiyanın sıralarında
birləşən üzvlərin təxminən 40 faizdən çoxunu gənclər təşkil edir.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə
uğurla davam etdirən dövlət başçısı gənclərin idarəçilikdə irəli
çəkilməsini, təcrübə ilə onların dinamizmi arasında vəhdətin
yaradılmasını prioritet məsələ kimi öndə saxlayır. Yeni Azərbaycan
Partiyasının fəaliyyətində də bu prinsip əsasdır. YAP-ın tarixi
Zəfərimizin reallıqları fonunda keçirilən VII qurultayında dövlət
başçısı, YAP Sədri İlham Əliyevin proqram xarakterli çıxışında da
bu məqamlar öz əksini tapmışdır.”

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, partiyanın VII
qurultayında qarşıya qoyulan möhtəşəm vəzifələr, yeni Nizamnamənin
və Proqramın qəbulu hər bir partiya üzvünün qarşısında konkret
tələblər qoyur: “Sıralarında 18 minə yaxın üzvü birləşdirən YAP
Xətai rayon təşkilatı bu vəzifələrin uğurlu icrasına öz töhfələrini
verməyə səy göstərir. Bu məqsəd öz növbəsində təşkilatın üzvlərinə
daha fəal olmağa, yeni təkliflərlə, layihələrlə çıxış etməyə, bir
sözlə, bütün qüvvə və bacarıqlarını səfərbər etməyə çağırışlar
edir.”

Vüqar Rəhimzadə günümüzün əsas müzakirə mövzusu olan və hər
birimizdə qürur hissi yaradan Dünya Azərbaycanlılarının V
qurultayının Qarabağın tacı, mədəniyyət beşiyimiz, Türk dünyasının
mədəniyyət paytaxtı Şuşada keçiriləcəyindən də bəhs edərək bildirib
ki, hər bir addımda yenilməz, məğrur xalq olduğumuzu, ən əsası
birliyimizi, həmrəyliyimizi nümayiş etdiririk. Şuşa qurultayı bir
daha dünyanın diqqətini bu birliyimizə yönəldəcək. Tarixinə sahib
çıxan, bu günü ilə qürur duyan, gələcəyə doğru inamla irəliləyən
xalq məğlubedilməzdir. Hər birimiz bu gələcəyin daha möhtəşəm,
işıqlı olmasına töhfə verməliyik.

Görüşdə çıxış edən fəallardan Həsən Əliyev, Aynur Qənbərova və
başqaları ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan və Prezident
İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən Yeni Azərbaycan
Partiyasında təmsil olunmağın qürurverici və məsuliyyətli olduğunu
bildiriblər: “Tarixə adını qalib ölkə kimi yazan Azərbaycanın
müstəqilliyinin yenidən bərpasından sonrakı dövrə bələdçilik edən
Yeni Azərbaycan Partiyasına, cəmiyyətimizin aparıcı siyasi qüvvəsi
olan bu partiyanın Sədri cənab İlham Əliyevə milyonların sevgisi və
inamı şəksizdir. Bu inama əsas verən sözlə əməl birliyi,
Azərbaycanın davamlı uğurlara imza atmasıdır. Hər bir Azərbaycan
vətəndaşı, hər bir YAP üzvü tarixi Zəfərimizin qarşıya qoyduğu
vəzifələrin uğurlu icrasına öz töhfəsini vermək üçün səylə
çalışmalıdır.”

Teqlər: