Azərbaycanın ərazi bütövlüyünün bərpası, Şuşada milli bayrağımızın qürurla dalğalanması Heydər Əliyev siyasətinin təntənəsidir – Vüqar Rəhimzadə

Tarixdə adı dövlətçiliyin simvoluna çevrilən az sayda liderlər
var. Müstəqil dövlətçiliyimizin ən müasir tarixi belə Liderin adı
ilə bağlıdır, Onun ideyaları dünənimizin, bugünümüzün və
gələcəyimizin əsasıdır. Ulu öndər Heydər Əliyevin adı çəkiləndə göz
önünə Azərbaycanın, Azərbaycan deyiləndə Ümummilli Liderin gəlməsi
də bu bağlılığın möhkəmliyini nümayiş etdirməklə yanaşı, dahi
şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin
miqyasının aydın təsəvvürünü yaradır. Ulu öndər Heydər Əliyevin “Nə
qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi
olacağam!” fikirləri də özündə bütün məqamları ehtiva edir.

Ulu öndər Heydər Əliyev adını tarixə müstəqilliyimizin
xilaskarı, qarantı kimi yazdı

Artıq ilyarımdır ki, tartixi Zəfərimizin sevincini yaşayırıq. Bu
Qələbəmiz Heydər Əliyev yolunun uğurlarının təqdimatıdır. Əgər
1993-cü ildə Ümummilli Lider xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıtmasaydı, bu gün Azərbaycan adlı dövlətin varlığından danışmaq
münkün olmazdı. Ulu öndər Heydər Əliyev adını tarixə
müstəqilliyimizin xilaskarı, qarantı kimi yazdı. Müstəqilliyimizin
yenidən bərpasının ilk illərində yaşananlara nəzər salmaqla Ulu
Öndərin xidmətlərinin böyüklüyünü, əvəzolunmazlığını böyük
qətiyyətlə qeyd edə bilərik. Müstəqilliyimizin bərpasının ilk
illəri tariximizin qara səhifələridir. Dövlət başçısı İlham Əliyev
daim çıxışlarında bu vəzifəni qarşıya qoyur ki, müstəqillik
tariximizin ayrı-ayrı dövrləri paralel şəkildə təhlil olunmalı,
gələcək nəsillərə çatdırılmalı, onlar müstəqillik yolumuzun heç də
hamar olmadığını bilməlidirlər.

1991-ci ildən 1993-cü ilin iyununadək olan dövr Azərbaycanın
həyatında təlatümlü dövr idi. Ölkəmiz müstəqiliyini yenidən bərpa
etsə də səriştəsiz, idarəçilik qabiliyyəti olmayan, şəxsi
ambisiyalarını dövlət və milli maraqlardan üstün tutan antimilli
ünsürlərin xəyanətləri ucbatından xalqımız bu sevinci yaşaya
bilmədi. Xaos, anarxiya, özbaşınalıqlar, vətəndaş qarşıdurması,
iqtisadi böhran, torpaqlarımızın işğalı həmin illərin xarakterik
cəhətləri idi. Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıdışı ilə bugünkü Azərbaycanın reallıqlarının
əsasını qoydu.

Ulu öndər Heydər Əliyev siyasi sabitliyin təminatçısı kimi nüfuz
qazandı. 1991-1993-cü illərin xaosundan, anarxiyasından, vətəndaş
qarşıdurmasından, Azərbaycanı parçalanmaqdan xilas edən Ümummilli
Lider ölkənin gələcək inkişaf strategiyasını müəyyən etdi və onun
həyata keçirilməsi üçün mühüm addımlar atdı. Ulu Öndərin 1993-cü
ilin oktyabrında Prezident seçilməsindən sonra müstəqil
Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin
olunması prosesi əsaslı şəkildə sürətləndi. Dahi şəxsiyyət, ilk
növbədə, ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş
apardı, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi,
respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil
kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Ümummilli
Lider bildirirdi ki, əgər respublikada ictimai-siyasi sabitlik
olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi
proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə
bilməz. Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü
siyasəti nəticəsində ölkədə sabitlik yaradıldı, Azərbaycan qısa
müddətdə sabitlik diyarına çevrildi. 1994-cü il may ayının 12-də
Ermənistanla atəşkəs sazişinin imzalanması ölkədə sabitliyin
yaradılmasında, torpaqlarımızın işğalının qarşısının alınmasında,
eyni zamanda, digər sahələrin inkişafı istiqamətində mühüm
addımların atılmasında əhəmiyyətli rol oynadı.

Ümummilli Lider milli birlik rəmzinə çevrilən dünya
azərbaycanlılarının həmrəyliyini təmin etdi

Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı
xidmətlərindən bəhs edərkən Onun dünya azərbaycanlılarının birliyi,
həmrəyliyi istiqamətində atdığı addımları xüsusi qeyd etməliyik.
Dahi şəxsiyyət fəaliyyətinin əsas istiqaməti kimi diqqəti ölkəmizin
ətrafında yaradılan informasiya blokadasının yarılmasına yönəldərək
dünya azərbaycanlılarını bir amal-azərbaycançılıq ideyası ətrafında
sıx birləşməyə çağırdı. Bu fikir səbəbsiz olaraq söylənilmir: Ulu
öndər Heydər Əliyev Azərbaycanı azərbaycanlılara, azərbaycanlıları
isə özünə qaytardı. Xalqın tarixi yaddaşının özünə qaytarılması,
dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın birliyi,
həmrəyliyi Azərbaycanın surətli inkişafında hərəkətverici qüvvəyə
çevrildi. Ulu Öndər hələ Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri olarkən – 1990-cı il noyabrın 17-də Azərbaycan
Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağını Naxçıvan Muxtar
Respublikasının dövlət bayrağı olaraq təsdiq etmiş, Azərbaycan SSR
Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət
rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdı. O cümlədən
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın
16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə
qərar qəbul edildi. Dünya azərbaycanlılarının həmrəyliyi, onların
təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər
həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji
həmrəyliyinə müvəffəq oldu. Bu gün Dünya Azərbaycanlıların
Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan
artıq azərbaycanlı ilə əlaqənin qurulmasında, onlar arasında birlik
və həmrəyliyin yaradılmasında mühüm rol oynayır. Ümummilli Liderin
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından
sonra diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə
çevrildi. Ümummilli Liderin təşəbbüsü ilə 2001-ci il noyabr ayının
9-10 tarixlərində Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi.
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir
mərkəzdən idarə olunmasının təməli qoyuldu. Dahi Heydər Əliyevin
formalaşdırdığı və inkişaf etdirdiyi Azərbaycançılıq fəlsəfəsi
Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli
dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya
azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır.
Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan
şəxsləri deyil, eyni zamanda, bütün dünyada məskunlaşan
azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid
ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi.
Ümummilli Liderin “Hər bir insan üçün onun milli mənsubiyyəti
onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr
edirəm ki, mən azərbaycanlıyam!”
fikirləri hər bir
azərbaycanlı üçün milli qürur rəmzinə çevrilmişdir.

Azərbaycan xalqının tarixinə, milli-mənəvi dəyərlərinə,
keçmişinə və bugününə bağlılığının göstəricisi məhz dünyaya səs
salan tarixi Zəfərimizdir. Dünya azərbaycanlılarının
həqiqətlərimizin təbliğinə verdikləri töhfələrin Azərbaycanın
diplomatik mübarizədə qələbəsində öz payı oldu. 44 günlük İkinci
Qarabağ müharibəsində də bu birlik, həmrəylik öz sözünü dedi.
Tarixi Zəfərimizin reallıqları fonunda özünün V Zəfər Qurultayını
Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi, Türk dünyasının
mədəniyyət paytaxtı Şuşamızda keçirən dünya azərbaycanlıları
postmünaqişə dövrünün reallıqlarının həyata keçirilməsində
üzərlərinə düşən vəzifələri müzakirə etdilər, soydaşlarımızın
tezliklə öz doğma yurd-yuvalarına Böyük Qayıdışının gerçəkləşməsinə
dəstəklərini ifadə etdilər. Dövlət başçısı, Müzəffər Ali Baş
Komandan İlham Əliyev Zəfər Qurultayındakı proqram xarakterli
nitqində xalqımızın məğrurluğunun, yenilməzliyinin təqdimatı olan
Qələbəmizin daimi olacağını, bu torpaqlarda əbədi yaşayacağımızı
böyük əminliklə ifadə etdi. 44 günlük İkinci Qarabağ müharibəsinin
rəmzinə çevrilən “Qarabağ Azərbaycandır!” fikri bir daha Zəfər
Qurultayından dünyaya bəyan edildi.

İqtisadi inkişaf strategiyasının müəllifi

Ümummilli Liderin ölkədə sabitliyi təmin etməsi Azərbaycanla
iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının
artmasında əhəmiyyətli rol oynadı. 1994-cü il sentyabrın 20-də
tarixə “Əsrin müqaviləsi” kimi daxil olan dünyanın nəhəng
transmilli şirkətləri ilə neft kontraktı imzalandı. Öz təbii
sərvətlərinin sahibi olması xalqımızın ən böyük istəklərindən biri
idi. Xalqımız uzun illər ürəyində gəzdirdiyi bu arzusuna nail oldu.
Ümummilli Liderin müəllifi olduğu neft strategiyası Azərbaycanın
qarşısında geniş imkanlar açdı. Ölkəmizə inam artdı. Azərbaycan
qısa zamanda böyük investisiyalar məkanına çevrildi, etibarlı
tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. Çoxlarına əfsanə kimi
görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz
kəmərləri reallığa çevrildi. Azərbaycan regionun aparıcı qüvvəsi,
dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini
möhkəmləndirdi. Məhz qazanılan bu inam, etimad son 18 ildən artıq
müddətdə ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli
davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında daha mühüm
layihələrin icrasını, eyni zamanda, “Yeni əsrin müqaviləsi”nin
imzalanmasını şərtləndirdi. 2014-cü ildə çoxtərəfli əməkdaşlığın
əsası olan Cənub Qaz Dəhlizinin təməli qoyuldu və 2018-ci ildə
rəsmi açılışı oldu. Həmin ilin iyununda bu layihənin əsas tərkib
hissəsi olan TANAP, 2020-ci ilin dekabr ayının 31-də isə TAP
istifadəyə verildi. Bununla da Cənub Qaz Dəhlizinin uğurlu icrası
başa çatdı. Azərbaycan bu gün də gündəmə gətirilən hər bir
layihənin uğurlu sonluqla başa çatmasında maraqlıdır və bu
istiqamətdə böyük qətiyyət və iradə nümayiş etdirir.

Demokratik inkişaf dövlət siyasətinin əsasıdır

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı
ən böyük xidmətlərindən biri demokratik təsisatların inkişafı,
demokratikləşmə prosesini daha da sürətləndirmək, dövlətçiliyimizin
əsaslarını yaratmaq üçün müstəqil dövlətin yeni, müasir
Konstitusiyasının hazırlanması və qəbuludur. Müstəqil Azərbaycanın
ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyev demokratik,
hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək,
ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin
bərqərar olması üçün əsaslı zəmin yaratdı. 1995-ci il noyabrın
12-də keçirilmiş referendumda qəbul olunan Konstitusiya sonrakı
illərdə dövrün, zamanın tələblərinə uyğun olaraq təkmilləşdi, yeni
əlavələrin və dəyişikliklərin edilməsi üçün ümumxalq səsverməsi
keçirildi. Konstitusiyaya 3 dəfə əlavə və dəyişiklər edilib ki,
bunun biri 2002-ci ildə Ümummilli Liderin hakimiyyəti, ikisi- 2009
və 2016-cı illər Prezident İlham Əliyevin dövründə həyata
keçirilib. İnsan hüquq və azadlıqlarının qorunmasına və yeni
müdafiə mexanizmlərinin yaradılmasına, idarəçilik sistemində
təkmilləşməyə xidmət edən bu əlavə və dəyişikliklərin hazırda
ölkəmizin inkişafında rolu böyükdür və göz önündədir.

Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində
növbəti addımlar atıldı: məhkəmə islahatlarının həyata keçirilməsi,
Konstitusiya Məhkəməsinin və Ombudsman təsisatının yaradılması,
ölüm hökmünün ləğv edilməsi və onlarla digər bu kimi islahat
xarakterli demokratik təşəbbüslər bilavasitə Heydər Əliyevin gərgin
əməyinin nəticəsidir. Həmçinin Ulu Öndərin humanizm siyasətinin
göstəricisi kimi əfv sərəncamları imzalandı, Amnistiya aktları
qəbul olundu. Bu günədək imzalanan 60-dan artıq əfv Sərəncamının
32-si Ulu Öndərin hakimiyyəti dövrünə təsadüf edir. Demokratikləmə
prosecinin sürətləndirilməsini ölkənin hərtərəfli inkişafının əsası
kimi dəyərləndirən Prezident İlham Əliyev uğurlu islahatları ilə
Azərbaycanı demokratiya təcrübəsi nümunə olan ölkəyə çevirdi.

Milli mətbuata göstərilən dəstək ulu öndər Heydər Əliyevin
cəmiyyətdə demokratik münasibətlərin inkişafına xidmət edən
siyasətinin əyani təzahürüdür. Ümummilli Liderin 1998-ci il 6
avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat
azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında”
Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura
ləğv edildi. Ulu öndər Heydər Əliyev bütün dövrlərdə mətbuatın
inkişafına prinsipial diqqət ayırırdı. Mətbuat işçiləri ilə
mütəmadi təşkil olunan görüşlər, mətbuatın maddi-texniki bazasının
möhkəmləndirilməsi istiqamətində atılan addımlar, imzalanan Fərman
və sərəncamlar azad mətbuatın bugünü üçün möhkəm təməl yaratdı.
Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər
2002-ci ildə (RUH) Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi
tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq
görüldü.

Ulu Öndər müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordu
quruculuğu sahəsində də mühüm uğurların müəllifidir

Dahi rəhbərin hələ Sovet dönənimdə – 1969-cu ildə hakimiyyətə
gəlişindən sonra Onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi
kadrların hazırlanması prosesi başlandı. Ulu Öndərin gərgin səyləri
nəticəsində 1971-ci ildə Azərbaycanda hərbi kadrlar hazırlayan
məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan
hərbi liseyin yaradılmasına nail olundu. Ümummilli Liderin 1993-cü
ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu
quruculuğu dövlət siyasətinin əsası kimi öndə dayandı.
İqtisadiyyatın aynası kimi dəyərləndirilən dövlət büdcəsində
müdafiə xərcləri ilk yerdə qərar tutdu. Müharibə şəraitində yaşayan
ölkə olaraq güclü, qüdrətli orduya sahib olmaq əsas idi. Ulu öndər
Heydər Əliyevin “Sülh danışıqlarını cəsarətlə aparmaq üçün
güclü ordun olmalıdır”
tezisi həyata keçirilən siyasətin
əsasında dayandı. Müstəqilliyin ilk illərində ayrı-ayrı şəxslərə və
siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr Ali Baş
Komandan Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti
nəticəsində ləğv edildi, Milli Ordunun formalaşdırılması,
Azərbaycanın nizami Silahlı Qüvvələrinin yaradılması ilə bağlı
təxirəsalınmaz tədbirlər görüldü, orduda kütləvi fərarilik
hallarına son qoyuldu, hərbi nizam-intizam möhkəmləndirildi. Ulu
Öndərin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən, Əlahiddə
Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan
Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu
tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Bu gün Zəfər tarixini
yazan, dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşan Azərbaycan
Ordusu yaradılan möhkəm təməl üzərində daha da inkişaf edir,
möhkəmlənir, güclənir.

Dünyanın siyasi xəritəsində Heydər Əliyev zirvəsinə nəzər
yetirdikdə Azərbaycanın regionda və dünyada söz sahibliyini təmin
etməyin prioritetliyi xüsusi diqqət çəkir

“Azərbaycan dünyaya Günəş kimi doğacaq” tezisində ulu
öndər Heydər Əliyevin ən böyük arzusu ifadə olunurdu. Ümummilli
Lider bu arzusunun fonunda, həmçinin belə bir inamını da ifadə
edirdi ki, bu çətin günlər gəlib keçəcək, hər bir azərbaycanlı belə
qüdrətli, zəngin Azərbaycanın vətəndaşı olması ilə qürur
duyacaq.

Kiçik bir ölkə ulu öndər Heydər Əliyevin uğurlu siyasəti
sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Qısa müddət
ərzində xarici siyasət sahəsində böyük dönüş yarandı, uğurlar əldə
olundu. Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını
gerçəkləşdirməyə başladı. Azərbaycanın beynəlxalq aləmdən təcrid
olunmaq təhlükəsi aradan qaldırıldı. Dünya siyasət meydanında
cərəyan edən proseslərə təsir baxımından Ulu Öndər həmişə öz sözü
və çəkisi ilə seçilmişdir. Heydər Əliyevin xarici siyasət
məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu
və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu
tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan
dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə
əhəmiyyətli olmuşdur. Fəal diplomatiyanın nəticəsində dünyanın
demokratik dövlətlərinin və aparıcı beynəlxalq təşkilatların
ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin
əsaslı surətdə dəyişməsi mümkün olmuşdur. Ulu öndər Heydər Əliyevin
xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına,
sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi
bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq
prinsipləri təşkil edirdi. Yeni kollektiv sənədlərə və beynəlxalq
müqavilələrə qoşulan Azərbaycan bu gün özünün coğrafi mövqeyindən,
təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında
bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək
Böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat
dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının
işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli
şəkildə həyata keçirir. Ulu Öndərin xarisi siyasət sahəsində
yaratdığı möhkəm təməl tarixi Zəfərimizdə öz sözünü dedi. İstər ulu
öndər Heydər Əliyevin hakimiyyəti, istərsə də son 18 ildən artıq
müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə xarici
siyasətimizin əsas məsələsi olan, hazırda tarixə qovuşan Dağlıq
Qarabağ münaqişəsinin həllində möhkəm hüquqi bazanın yaradılması,
BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasına nail olunması
əsas hədəf oldu. Ümummilli Liderin xarici ölkələrə elə bir səfəri
olmayıb ki, Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu
olmasın. Azərbaycanın ətrafında yaradılan informasiya blokadası
yarıldı, dünyanın əksər dövlətləri və beynəlxalq təşkilatları ikili
standartlara əsaslanan siyasətə uyğun olaraq işğalçını adı ilə
çağırmaq istəməsələr də, Dağlıq Qarabağın Azərbaycanın əzəli
torpağı olduğunu nəinki bilir, hətta bunu qərar və qətnamələrində
qeyd edirdilər. Azərbaycanın tarixi Zəfərində möhkəm hüquqi bazanın
mövcudluğu əsas rol oynadı.

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin
partiyasıdır

Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısında xidmətlərindən
bəhs edərkən hazırda Qafqazın ən böyük siyasi partiyası imicini
qazanan Yeni Azərbaycan Partiyasının yaradıcısı olmasını xüsusi
qeyd etməliyik. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son
dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz
qaldığı bir dövrdə yarandı. Azərbaycanın taleyini düşünən, xalqın
böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalı ölkəni
böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə
çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu
Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Yeni Azərbaycan
Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan
edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin
məntiqi nəticəsi idi. YAP-ın Azərbaycanın bütün regionlarından
seçilmiş nümayəndələrin təmsil olunduğu təsis konfransı 1992-ci il
noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. 550 nəfərdən
ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis
konfransını orada keçirməyə nail oldular. Təsis konfransı Yeni
Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın
Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev
yekdilliklə partiyanın Sədri seçildi. Beləliklə, müstəqil
Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni
Azərbaycan Partiyası yarandı. Ulu Öndər cəmiyyətimizin aparıcı
siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda
inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın
partiyası” səviyyəsinə yüksəltdi. YAP yarandığı gündən xalqın
partiyasına çevrildi. Milyonların partiyası imicini qazanan Yeni
Azərbaycan Partiyası sözlə əməl birliyi, monolitliyi əsasında
sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdirdi,
nəinki ölkənin, regionun aparıcı təşkilatına çevrildi. Son 18 ildən
artıq dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf
edən YAP-ın sıralarında hazırda 800 minə yaxın üzv birləşib. İlk
gündən dövlətə, xalqa xidməti fəaliyyətinin önündə saxlayan YAP
cəmiyyətin avanqard qüvvəsi kimi bütün proseslərin mərkəzində
dayanır. İrəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar ilə ölkə
ictimaiyyətinin dərin rəğbətini qazanan YAP ötən il VII qurultayını
Zəfərimizin reallıqları fonunda keçirərək qarşıdakı dövrün
hədəflərini açıqladı. Yeni tərkibin formalaşması, partiyanın yeni
Nizamnaməsinin qəbulu, yeni Proqramının təqdimatı gələcək
uğurlarımızın aydın mənzərəsini yaradır. Partiyanın Zəfər
ab-havasında bu il keçiriləcək 30 illik yubileyi keçilən yolun
təhlili fonunda Heydər Əliyev irsinin təbliğinə böyük töhfə olacaq.
Bir daha Ümummilli Liderin şah əsəri olan müasir müstəqil
Azərbaycanın uğurlarından, partiyanın töhfələrindən bəhs olunaraq
zamana sığmayan şəxsiyyətin böyüklüyü, Vətən, torpaq sevgisi və bu
fonda xidmətləri diqqətə çatdırılacaq. Ümummilli Liderin irsi
xalqımızın böyük sərvətidir, bu sərvəti qorumaq və gələcək
nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur.

Ulu öndər Heydər Əliyev 2003-cü ildə inamın növbəti ünvanını
göstərməklə dövləti, xalqı qarşısındakı xidmətlərinin miqyasını
sonsuz etdi

Ümummilli Liderin xalqımız qarşısında ən böyük xidməti 2003-cü
ildə göstərdiyi növbəti inamın və etimadın ünvanı oldu. Ulu Öndər
bu tarixi müraciəti ilə əsasını qoyduğu siyasəti davam etdirə
biləcək dəqiq ünvanı xalqa bu sözlərlə göstərdi: “…Üzümü Sizə
– həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində
prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan
Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram.
O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini
və iqtisadiyyatını gözəl bilən, enerjili, təşəbbüskar bir
şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni
Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını
öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və
xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki,
mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları,
işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra
biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər
bəsləyirəm”.

Prezident İlham Əliyev bu inamı və etimadı doğruldaraq,
Ümummilli Liderin strateji inkişaf kursunu əzmlə davam etdirərək
dövlətimizi tarixinin ən qüdrətli mərhələsinə çatdırdı. Möhtərəm
Prezidentimiz Ulu Öndərin Azərbaycançılıq amalına sadiqdir. Ölkə
rəhbəri qloballaşma dövründə bu ideologiyanı müasir çağırışlara
uyğun daha da zənginləşdirmiş, Azərbaycançılıq konsepsiyasını bu
gün cəmiyyətin təkamülünün ideya əsasına çevirmişdir. Prezident
İlham Əliyev bu xüsusda demişdir: “Bizi əsrlər boyu bir millət,
bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu
məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan,
çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim
dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox
möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim
əsas ideoloji dayağımızdır”.

Dövlət başçısı İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 18 ildən
artıq dövrdə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla
davam etdirir. Azərbaycan ən islahatçı, demokratiya təcrübəsi
nümunə göstərilən, sözünün imzası qədər əhəmiyyəti olan ölkə,
sabitlik məkanı, etibarlı tərəfdaş kimi tanınır və nüfuz qazanır.
İlyarımdan artıqdır ki, bu sıraya qalib Azərbaycan da yazılıb.
Bütün uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimiz
Azərbaycanın sözünün imzası qədər əhəmiyyəti olduğunu, prinsipial
mövqeyinin dəyişməzliyini nümayiş etdirdi. 44 gündə 30 ilin
işğalına son qoyan Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan
cənab İlham Əliyevin rəhbərliyi ilə yazdığı tarix əsasında işğalçı
Ermənistana heç vaxt unuda bilməyəcəyi dərsi verdi. Dövlət başçısı
İlham Əliyev Ermənistanla yanaşı, onun havadarlarına keçdiyi
ədalət, hüquq, milli qürur dərsi ilə Azərbaycan xalqının tarixinə
sahib çıxan, məğrur, yenilməz xalq olduğunu təsdiqlədi. 44 günlük
Vətən müharibəsi ulu öndər Heydər Əliyevin “Hər şey bizim
gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır”
tezisinin
davamı olaraq Prezident İlham Əliyevin “Gənclər milli ruhda
tərbiyə olunmalı, dövlət maraqlarını qorumalıdırlar”

fikirlərinin real həyatda təsdiqi oldu. Azərbaycan gəncləri silaha
sarılaraq “Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” prinsipini
öndə saxlayaraq qanları, canları ilə tarix yazdılar, şəhidlik
zirvəsinə ucaldılar. Bu gün bu qəhrəmanlığın, şücaətin nəticəsi
olaraq Qarabağımız, o cümlədən Şuşamız azaddır. Bütün işğaldan azad
edilmiş torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı dalğalanır,
bərpa və quruculuq işləri geniş vüsət alıb. Böyük Qayıdışın
astanasındayıq. Azərbaycanın, Türk dünyasının mədəniyyət paytaxtı
olan Şuşa dünyanın mədəniyyət və diplomatiya mərkəzlərindən birinə
çevrilib. Çal-çağırlı Şuşa qonaqlarını qarşılayır. Ötən il bərpa
olunan “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri
ənənəsinin davamı olaraq Şuşa bu il yenidən bu mədəni tədbirlərin
yüksək səviyyədə təşkili üçün çalışır. Bu sıralamanı xeyli sayda
artıra bilərik.

Heydər Əliyev Fondunun uğurlarımıza töhfələri misilsizdir

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun
rəhbəri Mehriban xanım Əliyevanın Azərbaycançılıq ideologiyasının
möhkəmlənməsində böyük xidmətləri vardır. Mehriban xanımın
təşəbbüsü ilə beynəlxalq səviyyədə həyata keçirilən layihələr,
mədəniyyət incilərimizin, milli-mənəvi dəyərlərimizin ölkə
sərhədlərindən kənarda geniş təbliği azərbaycanlı milli ruhunu daha
da gücləndirir, ölkəmizi multikulturalizm, tolerantlıq məkanına
çevirir. Cəmiyyətimizdə milli birliyi sarsılmaz edir.

Heydər Əliyev irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev
Fondunun bununla bərabər ölkənin hərtərəfli inkişafına xidmət edən
layihələri xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Təhsilin,
səhiyyənin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin inkişafı,
tariximizin təbliği Fondun fəaliyyətində xüsusi yer tutur.
Həqiqətlərimizin təbliğində əhəmiyyətli rol oynayan müxtəlif
vəsaitlərin xarici dillərdə beynəlxalq ictimaiyyətə təqdim
olunması, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın
təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası
yüksək dəyərləndirilir. Mehriban xanımın Heydər Əliyev Fondunun
prezidenti, 2017-ci ildə Azərbaycanın Birinci vitse-prezidenti kimi
fəaliyyəti bir daha bu reallıqları təsdiqləyir ki,
dövlətçiliyimizin inkişafı, Azərbaycanın qüdrətli, güclü,
beynəlxalq aləmdə əsl söz sahibi kimi tanınan ölkəyə çevrilməsi
prioritetdir. Dövlət başçısı İlham Əliyevin və Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri
nəticəsində ölkəmiz ən yüksək zirvələri fəth edir, Zəfər sevincini
yaşayır.

Bu uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir. Ulu öndər
Heydər Əliyevin siyasi portretini, ideal Lider obrazını, zamana
sığmayan şəxsiyyətini, milyonlarla dünya azərbaycanlılarının qürur
ünvanı, sağlığında əfsanəyə çevrilən, həyatının hər bir məqamı
örnək olan dövlət xadimi kimi fəaliyyətinin təhlilini bir yazıda
əhatə etmək qeyri-mümkündür. Heydər Əliyevin fəaliyyətinin hər bir
istiqaməti bir tədqiqat, araşdırma mövzusudur. Hələ neçə-neçə
nəsillər bu məktəbdən bəhrələnəcək, Azərbaycanın dayanıqlı
inkişafına töhfələr verəcəklər. Bu gün Azərbaycanın dünyaya təqdim
olunan və nümunə göstərilən inkişaf modeli Heydər Əliyev
siyasətinin uzaqgörənliyinin nəticəsidir. Heydər Əliyev yolu
Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq, daha yüksək
zirvələri fəth etdirəcək. Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin vaxtilə işğal altında olan ərazilərimiz haqqında
söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya.
Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir
azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim
mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir.
Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz
Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli,
Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o
İsti suyu. Biz onlarsız yaşaya bilmərik”
, Müzəffər Ali Baş
Komandan, Prezident İlham Əliyevin Şuşa şəhərinin 2020-ci il
noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində
dediyi “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim.
Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin
ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın
olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa,
biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir!
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
sözlərini
xatırlamaqla Ümummilli Liderin 2003-cü ildə göstərdiyi inam, etimad
ünvanının nə qədər doğru olduğunu, Prezident İlham Əliyevin verdiyi
hər bir vədi konkret əməli işdə təsdiqlədiyini, ən əsası Heydər
Əliyev siyasətinə sadiqliyin möhtəşəm uğurlara yol açdığını bir
daha diqqətə çatdırırıq. Bu gün Ümummilli Liderin ruhu şaddır.
Çünki bugünkü Azərbaycan Onun görmək istədiyi qüdrətli
Azərbaycandır!

Vüqar Rəhimzadə,
Siyasi elmlər doktoru

Teqlər: