Azərbaycandan Avropaya enerji ehtiyatları tədarükünün artacağını gözləyirik – Mikayıl Cabbarov

Azərbaycan Avropa bazarlarına enerji ehtiyatlarının fasiləsiz
tədarükünü davam etdirir və biz gözləyirik ki, bu həcmlər artmaqda
davam edəcək.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat
naziri Mikayıl Cabbarov Bakıda keçirilən Aİ-Azərbaycan biznes
forumunda deyib.

“Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın başlıca
istiqaməti neft və qaz, eləcə də nəqliyyat sektorudur. Həmçinin
alternativ enerjinin inkişafı və bu istiqamətdə əməkdaşlığın
genişlənməsi gözlənilir. Ölkəmiz Aİ ölkələrinə və digər bazarlara
yük nəqli üçün qovşağa çevrilib. Bizim liman və tikilməkdə olan
iqtisadi zonalar mövcud əməkdaşlığı genişləndirməyə və Azərbaycanla
Aİ arasında ticarət dövriyyəsi göstəricilərini artırmağa imkan
verir”, – deyə o bildirib.

Nazir bildirib ki, Azərbaycanın bir sıra dövlət strukturlarında
islahatlar keçirilib və bu islahatlar əlavə investisiyaların cəlb
olunmasına və əlverilşli biznes mühitinin formalaşmasına xidmət
edir.

“Vergi, gömrük və digər orqanlar tərəfindən tətbiq edilən
təşviqlər Azərbaycanın investisiya potensialını artırır. Kiçik və
orta biznes büdcə gəlirlərinin təxminən 60 faizini təşkil edir,
qeyri-neft ixracının 40 faizi də kiçik və orta biznesin payına
düşüb”, – nazir deyib.

Onun sözlərinə görə, Azərbaycan hökumətinin prioritet fəaliyyət
istiqamətlərindən biri azad edilmiş ərazilərin bərpasıdır.

“Hazırda orada yol və infrastruktur tikintisi işləri aparılır,
sənaye zonaları yaradılır. Qarabağda işğal zamanı bütün kəndlər və
şəhərlər dağıdılıb. Bizim keçmiş məcburi köçkünlərimiz yaxın
perspektivdə öz doğma yurdlarına qayıdacaq”. – M.Cabbarov
vurğulayıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: