Azərbaycanda sahibkarlıq sahəsində özəl sektorun payı açıqlanıb

Azərbaycanda sahibkarlıqda özəl sektorun payı 84 faiz təşkil
edir.

Trend-in məlumatına görə, bunu Azərbaycan
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının
prezidenti Məmməd Musayev Sahibkarlar gününə həsr olunmuş
“İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” konfransında
deyib.

Onun sözlərinə görə, Sahibkarlar günü ilə bağlı İçərişəhərdə
təşkil olunmuş sərgini post-pandemiya dövründə ən iri iqtisadi
tədbir saymaq olar.

“Sərgidə təkcə Azərbaycandan deyil, həm də Ukrayna, Belarus və
digər ölkələrdən sahibkarlar iştirak edir”, – M.Musayev deyib.

O, həmçinin qeyd edib ki, Azərbaycan öz məhsullarını xaricdə
fəal şəkildə təşviq edir.

“Bildiyiniz kimi, ölkəmiz dünyada neft ixracatçısı kimi
məşhurdur. Amma son dövrlərdə Azərbaycan qeyri-neft ixracını təşviq
edir və bugünkü gün biz bu sahədə ixrac göstəricilərinin sürətli
artımının şahidi oluruq”, – deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)