Azərbaycanda eSIM texnologiyasına tələbat artır – nazir müavini

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Azərbaycanda eSIM texnologiyasına tələbat artır.

Bunu Trend
rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov
deyib.

Onun sözlərinə görə, Azərbaycanın mobil operatorları tərəfindən
elektron SİM kartların (eSIM) tətbiqi sahəsində layihə daxili
bazarın tələblərinə uyğun olaraq həyata keçiriləcək.

“Bu gün görürük ki, bu texnologiyalara bizim bazarda tələbat var
və bu istiqamətdə işlər aparılır”, – deyə nazir müavini
bildirib.

R.Rüstəmov qeyd edib ki, Azərbaycanda 5G şəbəkəsinin tətbiqi
sahəsində artıq konseptual sənəd hazırlanıb. Bu sənədə şəbəkənin
tətbiqi, standartları, tezliklərin paylanması ilə bağlı bütün
məsələlər daxil edilib.

“Bundan əlavə, bu sənəddə texnologiyanın tətbiqi barədə
məsələlər də əks etdirilir. Bu şəbəkədə hansı cihazların istifadə
oluna biləcəyi göstərilir, bəzi digər məsələləri əks etdirilir”, –
deyə nazir müavini əlavə edib.

Qeyd edək ki, eSIM texnologiyası fiziki SİM kartlara
alternativdir. Bu, istehsal mərhələsində telefona quraşdırılmış
miniatür çipdir. Onun yaddaşında saxlanılan məlumatları yeni yazmaq
mümkündür.