Azərbaycanda əmək müqavilələrinin sayı artıb – Sahil Babayev

Son 3-4 il ərzində Azərbaycanda əmək müqavilələrinin sayı 400
min artaraq 1,7 milyona çatıb, orta əməkhaqqı 2,5 dəfə artıb.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin
sosial müdafiəsi naziri Sahil Babayev Sahibkarlar gününə həsr
olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu”
konfransında deyib.

Onun sözlərinə görə, bu gün ölkəmiz alıcılıq qabiliyyətinə görə
MDB ölkələri arasında ikinci yerdədir.

“Sosial sığorta üzrə yığımlar 600 milyon manatı ötüb. Bu gün
əmək müqavilələri tamamilə elektron formada tərtib olunur. İşçi ilə
işəgötürən arasında münasibətlərin sadələşdirilməsi, eləcə də
nazirliyimiz qarşısında hesabatlılığın artırılması və monitorinq
aparılması üçün müxtəlif elektron sistemlər yaradılıb və
yaradılmaqda davam edir”, – nazir deyib.

Nazir həmçinin qeyd edib ki, işçilərin ixtisaslarının
artırılması üçün xüsusi proqramların yaradılması üzrə işlər
aparılır.

“Ölkə üzrə işçilərin göstəriciləri 10-15 faiz artacaq. Həm də
vahid vakansiya bazası yaradılır ki, işsizlər burada müvafiq iş
tapa biləcəklər”, – S.Babayev vurğulayıb.

Nazirin sözlərinə görə, pandemiya dövründə ölkədə 300 min ailəyə
kömək göstərilib, zəruri ödənişlər edilib, şəhid ailələri və
qazilərə yardım göstərilməkdə davam edir.

“Məhdud imkanlı vətəndaşların işlə təmin oluna bilməsi üçün
imkanlar yaradılıb və bu gün təxminən 60 min məhdud imkanlı şəxs
işçi kimi rəsmi qeydiyyata alınıb”, – S.Babayev deyib.

(Tərcümə: Orxan Nəbiyev)