Azərbaycana qarşı LGBT kampaniyası: kimlər olkəmizə təsir göstərməyə çalışır?

Son günlər Azərbaycana qarşı LGBT mövzusunu istifadə etməyə
başlayıblar. Bununla bağlı sosial şəbəkələrdə, o cümlədən
“twitter”də kampaniya aparılır, beynəlxalq təşkilatlar bəyanatlar
verirlər.

Proseslər onu göstərir ki, Azərbaycana qarşı bu kampaniya
mütəşəkkil şəkildə təşkil edilib və bir mərkəzdən idarə olunur.
Məsələ o qədər şişirdilir ki, hətta LGBT mövzusuna siyasi don
geyindirərək Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə
çağırış edilir. Birdən-birə LGBT mövzusunun bu qədər şişirdilməsi
və bu cür mütəşəkkil şəkildə kampaniyanın aparılması təəccüb
doğurmaya bilmir və proseslərin məqsədyönlü şəkildə təşkil edilməsi
aydın sezilir.

LGBT mövzusuna görə hətta 907-ci düzəliş də gündəmə gətirilir.
Belə ki, özünü LGBT hüquqlarının müdafiəçisi qiyafəsində təqdim
etməyə çalışan Hans Conson adlı şəxs öz məqaləsində belə bir
məntiqsiz fikir söyləyib: “Prezident Bayden xarici hökumətlər
tərəfindən dözümsüzlük və ayrı-seçkiliklə mübarizə aparmaq üçün
alətlərə malikdir. O, ABŞ-nin Azərbaycana hərbi yardımını
məhdudlaşdıran ABŞ Azadlığa Dəstək Aktının 907 -ci maddəsini tətbiq
etməklə Azərbaycanda LGBTQ hüquqlarını qorumağa başlaya bilər”.

Onun ardınca isə dərhal erməni ekspertlər hərəkət keçib və
mövzunu inkişaf etdirməyə başlayıblar. Lakin məsələ bununla bitmir.
Azərbaycandakı bəzi satılmış müxalifət nümayəndələri də bu
kampaniyaya dəstək verir. Bu mövzuda müxalifətlə, fəallarla
xaricdəki bəzi dairələr və ermənilərin iddiaları arasında
paralellik müşahidə olunur.

Mayın 14-də Bakıda bir qrup şəxs tərəfindən təşkil edilən
aksiyada qaldırılan LGBT bayraqları və şüarları buna sübutdur.
Diqqət cəlb edən məsələlərdən bir də odur ki, aksiya sosial
şəbəkələrdə, həmçinin bir neçə internet tv-də, o cümlədən xarici
qrantlar hesabına fəaliyyət göstərən bir sıra mətbuat orqanlarında
bir həftə boyunca geniş təbliğ olunub. Buna baxmayaraq, aksiyada
sosial mediada tanınmış tənqidçi dairədən başqa iştirakçı gözə
dəyməyib. Yəni, aksiyada olanlar hamısı bir-birini yaxşı tanıyan
adamlar olublar. Bütün bunlar bir daha bu kampaniyanın məqsədyönlü
şəkildə təşkil edildiyini göstərir.

Görünür tapşırıq ciddidir və yəqin ki, bu cür cılız işlərlə
hansısa məsələdə ölkəmizə təsir göstərməyə çalışırlar və ya
ölkəmizin adını ləkələməyə cəhd edirlər.

Digər tərəfdən isə məlumdur ki, Azərbaycanda 10-12 iyun
tarixlərində Formula 1 yarışları təşkil ediləcək və bütün dünyanın
diqqəti Azərbaycanda olacaq, ölkəmizə çoxlu sayda qonaqlar
gələcəklər. Yəqin ki, ölkəmizə qarşı LGBT kampaniyasını təşkil
edənlər Azərbaycanın diqqət mərkəzində olmasından yararlanmağa
çalışaraq ürək bulandırmaq istəyirlər. Əvvəlki təcrübədən də
bəllidir ki, ölkəmizdə hər hansı bir beynəlxalq tədbir təşkil
ediləndə anti-Azərbaycan dairələr dərhal fəaliyyətə keçir, ölkəmizə
qarşı kampaniya aparırlar. Görünür, bu dəfə də fürsəti əldən vermək
istəməyiblər. Ancaq o da məlumdur ki, həmin dairələrin planları
həmişə puça çıxıb, Azərbaycan bütün beynəlxalq tədbirlərə yüksək
səviyyədə ev sahibliyi edib və beynəlxalq aləmdə nüfuzunu,
etimadını daha da möhkəmləndirib. Ona görə də əminliklə söyləyə
bilərik ki, LGBT kampaniyası da əvvəlki kampaniyalar kimi iflasa
məhkumdur.

Teqlər: