Azərbaycan və Türkiyə səhiyyə nazirləri gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər

Ümumdünya Səhiyyə Assambleyasının yubiley sessiyası çərçivəsində
səhiyyə naziri Teymur Musayev Cenevrədə türkiyəli həmkarı Fahrettin
Koca ilə görüşüb.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, görüşdə tərəflər iki qardaş ölkənin səhiyyə
sahəsində gələcək əməkdaşlıq məsələlərini müzakirə etdilər.
Həmçinin “Səhiyyə Biznes Forumu”nun Bakıda təşkil olunması barədə
danışıqlar aparılıb.

Türkiyə “Səhiyyə Biznes Forumu”nu bu zamana qədər Birləşmiş
Krallıqda, Özbəkistanda, Pakistanda və digər ölkələrdə keçirib.
Forumda təmsil olunan ölkələrin özəl tibb şirkətləri, həmçinin
səhiyyədə maliyyə mexanizminin təkmilləşdirilməsi və investisiya
imkanları müzakirə olunur.

Sonda tərəflər görüşlərin intensivliyinin artırılmasının
gələcəkdə səhiyyə sahəsində uğurlu nəticələr verəcəyinə ümidvar
olduqlarını ifadə ediblər.

Qeyd edək ki, mayın 28-dək davam edəcək Ümumdünya Səhiyyə
Assambleyasının 75-ci sessiyası çərçivəsində Azərbaycan nümayəndə
heyətinin rəhbəri Teymur Musayevin təşkilatın üzv ölkələrinin
səhiyyə nazirləri ilə ikitərəfli görüşləri və digər işçi
tədbirlərin keçirilməsi planlaşdırılır.

Teqlər: