Arvadını güllələdikdən sonra qonşusunu da öldürmək istəyən şəxsin cinayət işi məhkəməyə göndərilib

Fevralın 9-da Yevlax rayonu, Hacıselli kənd sakinləri – 1977-ci
il təvəllüdlü Elnarə Qarayevanın yaşadığı evdə öldürülməsi, qonşusu
1959-cu il təvəllüdlü İldırım Qarayevin isə öldürülməyə cəhd
edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Yevlax rayon prokurorluğunda AzerTimes-a verilən məlumata görə,
istintaqla Elnarə Qarayevanın əri, 1974-cü il təvəllüdlü Mehdi
Qarayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə
zamanı odlu silahla atəş açaraq Elnarə Qarayevanı qəsdən
öldürməsinə, daha sonra eyni silahdan atəş açaraq qonşusu İldırım
Qarayevi öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən
edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Mehdi Qarayevə
Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci
(iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham
elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər
Məhkəməsinə göndərilib.

Teqlər: