Azərbaycan və Türkiyə hərbi pilotları müxtəlif təyyarələrdə nümunəvi birgə uçuşları icra edib (FOTO)

Bakıda keçirilən “Texnofest Azərbaycan” aerokosmik və
texnologiya festivalı izləyicilər tərəfindən böyük maraqla
qarşılanıb.

Müdafiə Nazirliyindən AzerTimes-a bildirilib ki, festival
çərçivəsində Azərbaycan və Türkiyə hərbi pilotları müxtəlif
təyyarələrdə nümunəvi birgə uçuşları icra edib. Hər iki qardaş
ölkənin hərbi təyyarəçilərinin çətin pilotaj manevrlərlə uçuşlarını
iştirakçılar alqışlarla qarşılayıblar.

Eyni zamanda, festivalda Hərbi Dəniz Qüvvələrinin xüsusi
təyinatlıları katerlərlə izləyicilərə həyəcanlı anlar yaşadıblar.
HDQ-nin xüsusi təyinatlılarının sərt gövdəli kater və hava yastıqlı
qayıqlarla sahil əməliyyatları üçün nəzərdə tutulmuş manevrləri də
izləyicilərin böyük marağına səbəb olub.

Qeyd edək ki, festival çərçivəsində Müdafiə Nazirliyi üçün
ayrılan pavilyonda Hərbi Hava Qüvvələri, Quru Qoşunları, eləcə də
mühəndis və rabitə hissə və bölmələrinin sərəncamında olan müasir
hərbi-texniki və digər avadanlıqlar təqdim olunub.

Qeyd edək ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçirilir.

Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və
Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3
Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda
“Teknofest” in “prodakşn” ofisi fəaliyyət göstərir. Ofisin tam
heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi
Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı
və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl
şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il
keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Teqlər: