Azərbaycan və Türkiyə arasında fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlıq müzakirə edilib

Rəqəmsal transformasiya üzrə Azərbaycan – Türkiyə İşçi qrupunun
fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlıq üzrə alt işçi
qrupunun Bakıda görüşü keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AzerTimes-a bildirilib
ki, görüşdə ölkəmizi nazirlik yanında Elektron Təhlükəsizlik
Xidmətinin rəisi Şahin Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti
təmsil edib. Türkiyə tərəfindən isə toplantıda Fərdi Məlumatların
Mühafizəsi Qurumunun rəhbəri Faruk Bilir və Türkiyə Respublikası
Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin
nümayəndələri iştirak ediblər.

Görüşdə fərdi məlumatların mühafizəsi və bu sahədə iki ölkənin
milli qanunvericiliyinin uyğunlaşdırılması mövzuları üzrə
təqdimatlar edilib, fikir mübadiləsi aparılıb.
Elektron Təhlükəsizlik Xidmətinin rəisi Şahin Əliyev çıxışında
ölkəmizdə fərdi məlumatların mühafizəsi ilə bağlı qanunvericiliyin
əsas prinsipləri, bu sahədə aparılan hüquqi islahatlar, o cümlədən
Elektron Təhlükəsizlik Xidmətinin bu istiqamətdə planlaşdırdığı
layihələr barədə məlumat verib. Ş.Əliyev fərdi məlumatların
mühafizəsi sahəsində iki ölkə arasında görüləcək işlərin mövcud
əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib.

Qeyd edək ki, Rəqəmsal transformasiya üzrə Azərbaycan – Türkiyə
İşçi qrupunun yaradılması barədə razılıq rəqəmsal inkişaf və
nəqliyyat naziri Rəşad Nəbiyevlə Türkiyə Respublikası Prezidenti
Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha
Koç arasında 18 fevral 2021-ci il tarixində Ankara şəhərində
keçirilmiş görüş zamanı əldə olunub.