Azərbaycan və Koreya arasında innovasiya sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Rəşad Nəbiyevlə Koreya Respublikasının Azərbaycan Respublikasında
fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq arasında görüş
keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AzerTimes-a bildirilib
ki, görüşdə Azərbaycan-Koreya əlaqələrinin yüksək səviyyədə
olmasından məmnunluq ifadə olunub, iki ölkə arasında əməkdaşlığın
genişləndirilməsində iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası
Komissiyanın xüsusi rol oynadığı vurğulanıb. Bildirilib ki,
Komissiyanın növbəti iclasının 2022-ci ilin ikinci yarısında Seul
şəhərində təşkili ilə əlaqədar danışıqlar aparılır.

Görüş zamanı iki ölkə arasında rəqəmsal transformasiya,
innovasiya və startaplar sahəsində mövcud əməkdaşlıq və Koreyanın
İKT ekspertlərinin ölkəmizə dəvət olunması məsələsi müzakirə
edilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Koreyanın
Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA), eləcə də Ticarət və
İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) tərəfdaşlığı ilə
innovasiya və “ağıllı şəhər” sahəsində həyata keçiriləcək layihələr
üzrə danışıqların cari statusuna dair fikir mübadiləsi
aparılıb.

Eyni zamanda, İT üzrə təhsil sahəsində münasibətlərin
genişləndirilməsi imkanları nəzərdən keçirilib. Azərbaycanlı
gənclərin Koreyanın ali məktəblərində İT sahəsində təhsil alması,
eləcə də mütəxəssislərimizin Koreya İnternet Təhlükəsizliyi
Agentliyi (KISA) tərəfindən təşkil olunan qısamüddətli
kibertəhlükəsizlik təlimlərində iştirakı məsələsi müzakirə predmeti
olub.

Nazir Rəşad Nəbiyev rəqəmsal transformasiyanın Azərbaycan
Hökumətinin gündəliyində vacib yer tutduğunu diqqətə çatdırıb.
Hazırda bu sahədə görülən işlər, eləcə də perspektiv planlar barədə
Koreya səfirinə ətraflı məlumat verib. Qeyd olunub ki, nazirlik
hədəflərə çatmaq üçün qlobal tərəfdaşlarla ikitərəfli və çoxtərəfli
formatlarda əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir.

Teqlər: