Taleh Kazımov Prezident İlham Əliyevə ona göstərdiyi etimada görə minnətdarlığını ifadə edib

Taleh Kazımov Prezident İlham Əliyevə ona göstərdiyi etimada
görə minnətdarlığını ifadə edib.

Milli Məclisdən AzerTimes-a verilən məlumata görə, bunu Taleh
Kazımov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin iclası zamanı bildirib.

İclasda iştirak edən Taleh Kazımov komitə üzvlərinə müsbət rəyə
görə təşəkkür edib. Fəaliyyəti dövründə Mərkəzi Bankla parlamentin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi arasında daha sıx
və səmərəli əlaqələrin qurulmasında səylərini əsirgəməyəcəyini
söyləyib.

Qeyd edək ki, iclasda komitənin sədri Tahir Mirkişili diqqətə
çatdırıb ki, iclasın gündəliyinə 9 məsələ daxil edilib.

Komitə sədri bildirib ki, birinci və ikinci məsələlər ölkə
Prezidenti tərəfindən təqdim edilib. Birinci məsələ – Elman
Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin
üzvlüyündən azad edilməsi ilə bağlı Prezidentin təqdimatı
deputatlar tərəfindən müsbət qarşılanıb.

Sonra Tahir Mirkişili qeyd edib ki, növbəti məsələ Taleh
Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin
üzvlüyünə qəbul edilməsi ilə əlaqədardır. Komitə sədri Taleh
Kazımovun iş təcrübəsi və peşə keyfiyyətləri barədə məlumat verib.
Onun ölkənin bank sistemindəki xidmətlərindən, əldə etdiyi
nailiyyətlərdən bəhs edib. Komitə sədri Mərkəzi Bank və Milli
Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi arasında
sıx əlaqələrin olduğunu, bir sıra məsələlərin həllində faydalı
əməkdaşlıq etdiklərini qeyd edib və bunun gələcəkdə uğurla davam
edəcəyini söyləyib.

Müzakirələr zamanı çıxış edən komitə sədrinin müavini Əli
Məsimli, komitə üzvləri Vahid Əhmədov, Ziyad Səmədzadə, Elnur
Allahverdiyev, Vüqar Bayramov, Rüfət Quliyev, Aydın Hüseynov Taleh
Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin
üzvlüyünə namizədliyini dəstəklədiklərini bildiriblər, bu təyinatın
bank sisteminin fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət
edəcəyini qeyd ediblər.

Teqlər: