Azərbaycan və Aİ arasında saziş əməkdaşlıq üçün yeni imkanlar yaradacaq – Səfir (Müsahibə) (FOTO/VİDEO)

Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında yeni hərtərəfli
ikitərəfli saziş bizə əməkdaşlıq üçün yeni imkanlar verəcək.

Bunu AzerTimes-a özəl
müsahibəsində Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko deyib.

“Danışıqlar intensiv şəkildə davam edir. Bu, saziş hazırlamaq
üçün müəyyən mərhələyə çatmalıdır”, – deyə P.Mixalko bildirib.

Onun sözlərinə görə, Aİ-nin Azərbaycanla əməkdaşlıqda ən mühüm
prioritetləri bərpa olunan enerji mənbələrinin inkişafı, rəqəmsal
transformasiya və nəqliyyat sektorudur.

Enerji sektorundan danışan səfir Azərbaycan qazının Avropaya
nəqlinin daha da artırılması perspektivlərinin olduğunu
bildirib.

O qeyd edib ki, “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan qazını
birbaşa Aİ ölkələrinə çatdırmağa imkan verib:

“İxracın artırılması üçün hər cür imkan var, bununla bağlı yeni
addımlar atıla bilər. Təbii ki, bunun üçün müvafiq iş tələb
olunacaq. Bundan başqa, Aİ ölkələrinin də Azərbaycandan neft və qaz
idxalının artırılmasında marağı var və biz bunu yaxın vaxtlarda
həyata keçirəcəyimizə ümid edirik”.

Səfir onu da əlavə edib ki, Aİ ölkələrindən olan şirkətlər
Azərbaycanda bərpa olunan enerji layihələrinin həyata
keçirilməsində son dərəcə maraqlıdırlar:

“Bərpa olunan enerji çox perspektivli əməkdaşlıq sahəsidir. Bu,
təbii ki, Aİ üçün yaşıl keçidin dəstəklənməsi üçün prioritet
olmaqla yanaşı, Azərbaycanla əməkdaşlığımızın mühüm
məqsədidir”.

Bu sahədə konkret layihələrin həyata keçirilməsindən danışan
səfir qeyd edib ki, hərrac sistemi bərpa olunan enerjinin inkişafı
üçün çox faydalı olacaq və Azərbaycana daha çox xarici investisiya
cəlb edəcək.

Onun sözlərinə görə, bu yaxınlarda açıqlanıb ki, Aİ Azərbaycan
üçün investisiya planı çərçivəsində iki milyard avroya qədər
vəsaiti səfərbər edə bilər, bu plana bərpa olunan enerji sektoruna
da dəstək daxildir.

O, həmçinin qeyd edib ki, Aİ-nin Azərbaycanın dövlət
institutlarına göstərdiyi dəstək yaşıl enerjiyə keçid üçün
qanunvericilik bazasının hazırlanmasını əhatə edir:

“Biz bu istiqamətdə bir neçə layihəni dəstəkləmişik ki, bu da
hakimiyyət orqanlarının enerji səmərəliliyi ilə bağlı qanunların
icrasına hazırlaşmaq imkanlarını gücləndirib”.

Səfir bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı ölkələri
arasında ticarət dövriyyəsinin artırılması üçün böyük potensial
var.

Onun sözlərinə görə, yeni ikitərəfli saziş Azərbaycanın Aİ-yə
ixracının artırılması üçün əlavə imkanlar yaradacaq.

“Biz Avropa bazarında daha çox Azərbaycan məhsulunu görmək
istərdik. Biz həmçinin Azərbaycanın qeyri-neft məhsullarının
ixracının artımını qeyd edirik ki, bu da ikitərəfli ticarətin
artırılması istiqamətində uğurlu addımdır”, – deyə P.Mixalko
bildirib.

O xatırladıb ki, 2021-ci ildə Azərbaycan ilə Aİ arasında ticarət
dövriyyəsi nəinki pandemiyadan əvvəlki səviyyəyə çatıb, həm də onu
ötüb.

“2019-cu ildə Aİ ilə Azərbaycan arasında ticarət dövriyyəsi
təxminən 12 milyard avro, 2021-ci ildə isə 15,5 milyard avro təşkil
edib. Bu, bir daha onu göstərir ki, Aİ Azərbaycanın xarici
ticarətində 45 faizlik payla Azərbaycanın əsas ticarət
tərəfdaşıdır. əmtəə dövriyyəsi: “Aİ həm də Azərbaycan məhsullarının
ən böyük ixracat məkanıdır. Azərbaycanın ümumi ixracının 51 faizi
Aİ ölkələrinin payına düşür”, – deyə Mixalko bildirib.

Səfir bildirib ki, Aİ Azərbaycanda şirkətlərin istehsal
imkanlarını və ixrac potensialını artıra bilməsi üçün biznes
mühitinin yaxşılaşdırılması və bu sahədə islahatların aparılması
təşəbbüslərini dəstəkləyir:

“Biz, həmçinin Azərbaycanda biznes mühiti ilə bağlı altıncı
nəşri hazırladıq və onu mayın 17-də keçirilən Aİ-Azərbaycan biznes
forumunda təqdim etdik. Əminəm ki, bu, Azərbaycana potensial
investorların cəlb edilməsinə, cari investisiyaların və istehsalın
artırılmasına kömək edəcək”.

“Bu il “EU-Azerbaijan” forumu hibrid formatda keçirilib və bu,
onun iştirakçılarının tərkibinin genişlənməsinə kömək edib”, – deyə
səfir əlavə edib.

P.Mixalkonun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanla
ticarəti və ölkənin investisiya imkanlarını inkişaf etdirməyə davam
etmək niyyətindədir.

O əlavə edib ki, Aİ iqtisadi əməkdaşlığın inkişafı üçün
alətlərin yaradılmasında Azərbaycanı da dəstəkləyir:

“Bununla bağlı mühüm məqamlardan biri bərpa olunan enerji
mənbələrinə, rəqəmsal transformasiyaya və nəqliyyat sektoruna
sərmayə qoyuluşunun mümkünlüyüdür. Bu sahələr bizim
əməkdaşlığımızda ən vacib sahələrdir”.

Bundan əlavə, diplomatın sözlərinə görə, Aİ Azərbaycanda 25 min
kiçik və orta sahibkarlığa dəstək verəcək.

“Bu istiqamətdə əməkdaşlıq Azərbaycanın iqtisadi inkişafına
mühüm töhfə olacaq”, – Mixalko əlavə edib.

Səfirin sözlərinə görə, Avropa İttifaqı Qarabağda da aparılan
bərpa işlərində iştirak etməyə hazır olduğunu bildirib.

“Mümkün ikitərəfli əməkdaşlıq sahələrinə bərpa olunan enerji,
infrastruktur, nəqliyyat və əlavə dəstəyə ehtiyacı olan istənilən
digər sahələr daxildir”, – deyə P.Mixalko bildirib.

Səfir bildirib ki, Azərbaycan Qarabağda “ağıllı” şəhər və
kəndlərin yaradılması layihəsi həyata keçirdiyi üçün bu sahə də,
eləcə də kənd yerlərinin və ümumilikdə regionların inkişafı Aİ-nin
prioritetləri sırasındadır.

P.Mixalko bildirib ki, Aİ Azərbaycanın Qarabağı “yaşıl zona”ya
çevirmək prioritetini dəstəkləyir:

“Biz Azərbaycan tərəfinin prioritetləri ilə tanış olmaqda
maraqlıyıq. Avropalı ekspertlər də Qarabağda aparılan yenidənqurma
işlərinə töhfə verə bilərlər. İndi biz Aİ-nin dəstəkləyə biləcəyi
layihələrlə bağlı konkret fikirləri gözləyirik”.

Bundan əlavə, səfir Aİ-nin Azərbaycandakı mövcud proqramlarından
danışıb:

“Qeyd etdiyim kimi, biz yeni illik büdcə dövriyyəmizə qədəm
qoyduq. Hazırda planlaşdırma və proqramlaşdırma mərhələsindəyik.
Bir daha xatırladıram ki, bu dəstəyin bir hissəsi olaraq iki
milyard avro elan edilib. Bununla belə, Aİ-nin digər proqramları da
var. Azərbaycan bundan faydalana bilər.Onların bəziləri ikitərəfli,
digərləri regional, qalanları isə Aİ-nin qlobal fondları ilə
bağlıdır”, – deyə P.Mişalko bildirib.

Səfirin sözlərinə görə, ERASMUS+ kimi proqramlar var ki, onların
sayəsində minlərlə azərbaycanlı tələbə Aİ universitetlərində təhsil
almaq fürsətindən istifadə edib. Digər proqram – Horizon Europe
tədqiqat və elmi əməkdaşlığı dəstəkləyir:

“Digər proqramlar şirkətləri və yerli inkişafı dəstəkləyir.
İqtisadi İnkişaf üzrə Bələdiyyə Başçıları belə proqramlardan
biridir. EU4Lənkəran Aİ tərəfindən maliyyələşdirilən və BMTİP
tərəfindən həyata keçirilən digər proqramdır. Azərbaycan, onun
biznesləri və vətəndaş cəmiyyətinin faydalana biləcəyi bir çox
potensial layihələr var. Azərbaycan Şərq Tərəfdaşlığı ölkələri
arasında tvinninq layihələri üzrə də liderdir”.

Səfir qeyd edib ki, Aİ gələcək ikitərəfli əməkdaşlığı
gücləndirmək üçün Azərbaycanda həyata keçirilən layihələrdə
iştirakını dəstəkləməkdə və genişləndirməkdə davam edəcək.

Teqlər: