“Pençe Kilit” əməliyyatı bölgəsində məhv edilən terrorçuların sayı 100-ü keçib – Hulusi Akar

Türkiyə ordusunun İraqın şimalındakı “Pençe Kilit” əməliyyatı
bölgəsində zərərsizləşdirdiyi terrorçuların sayı aprelin 18-dən
bəri 100-ü keçib. Sonuncular sırasında mağaralardan birində xüsusi
təyinatlılar tərəfindən mühasirəyə alınan bir qrup silahlı məhv
edilib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə
naziri Hulusi Akar videokonfrans vasitəsilə çıxışı zamanı
bildirib.

Türkiyə Müdafiə Nazirliyinin başçısı Baş Qərargah rəisi Yaşar
Gülər, Quru Qoşunlarının komandanı Musa Avsever və Hərbi Hava
Qüvvələrinin komandanı Həsən Küçükaküzün müşayiəti ilə Türkiyə Quru
Qoşunları Komandanlığının Hakkari vilayətindəki Əməliyyat Mərkəzini
ziyarət edib:

“Biz heç bir hərbçinin ölümünü cavabsız qoymamışıq və
qoymayacağıq”, – deyə H.Akar ötən gün İraqın şimalında PKK
terrorçuları ilə toqquşmada Türkiyə ordusunun 5 hərbçisinin şəhid
olduğunu xatırladaraq vurğulayıb.

Nazir Ankaranın Türkiyə sərhədləri yaxınlığında terror
təhlükəsini tamamilə aradan qaldırmaq əzmində olduğunu
vurğulayıb.