Azərbaycan startapları layihələrini xarici investorlara təqdim edib (FOTO)

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilmiş və dünyanın
müxtəlif ölkələrindən yüzlərlə startapın iştirak etdiyi Qlobal
Sahibkarlıq Konfransında Azərbaycan startapları da öz layihələrini
təqdim ediblər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AzerTimes-a verilən məlumata görə, Səudiyyə
Ərəbistanının Kiçik və Orta Sahibkarlıq üzrə Baş İdarəsinin
(Monshaat) və Beynəlxalq Sahibkarlar Şəbəkəsinin (GEN)
təşkilatçılığı ilə keçirilmiş konfransda KOBİA-nın dəstəyi ilə
startaplarımız xaricdə onlayn təhsil və təchizatçılarla
tədarükçüləri bir araya gətirən onlayn platformalar ilə təmsil
olunublar.

27-30 mart tarixlərində keçirilmiş Qlobal Sahibkarlıq Konfransı
çərçivəsində startapçılarımız layihələrini xarici investorlara
təqdim edib, bu istiqamətdə bir sıra görüşlər keçiriblər.

Qeyd edək ki, KOBİA-nın fəaliyyət istiqamətlərindən biri də
startap ekosisteminin inkişafına dəstək verməkdir. Agentlik
tərəfindən mikro və kiçik sahibkarlıq subyektlərinə onları
innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və
gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi
verilir. Ər-Riyadda ölkəmizi təmsil edən “Unibroad” MMC və “Supply
Chain Community” MMC-yə də “Startap” şəhadətnamələri verilib. KOBİA
həmçinin, yerli startap layihələrinə dəstək məqsədilə qrant verir,
onların qlobal bazarlara çıxması, layihələrinin yerli və xarici
investorlara təqdim olunması istiqamətində müxtəlif tədbirlər
həyata keçirir.