Azərbaycan güləşçiləri Bolqarıstanda xatirə turnirində 9 medal qazanıblar

Bolqarıstanın Veliko Tırnova şəhərində güləş üzrə Dan Kolov –
Nikola Petrov beynəlxalq turniri sona çatıb.

Trend xəbər
verir ki, ənənəvi yarışın beşinci günündə son beş sərbəst
güləşçimiz mübarizəyə qoşulub.

Orxan Abasov (86 kq) səkkizdədir finalda gürcüstanlı Sandro
Aminaşvili ilə qarşılaşıb. Son saniyələrdə hakimlərin mübahisəli
qərarları nəticəsində rəqib 9:7 hesablı qələbəyə sevinib. Rəqib
finala yüksəldiyi üçün güləşçimiz təsəlliverici görüşdə iştirak
hüququ qazanıb. O. Abasov yarışın sonuncu günündə bolqarıstanlı
Evelin Rusev (11:0) və hindistanlı Sandep Sandepə (7:6) qalib
gələrək bürünc medala iddiasını ortaya qoyub. Həlledici görüşdə
moldovalı Denis Balauru (9:3) üstələyən güləşçimiz bürünc medalı
boynundan asıb.

Abubakr Abakarov (86 kq) təsnifat mərhələsində gürcüstanlı Qoqa
Mamiauriyə qalib gəlib – 7:1. Yığmamızın üzvü səkkizdədir finalda
əlcəzairli Fateh Benfercellahı vaxtından əvvəl xalçadan məyus yola
salıb – 10:0. Gürcüstanın digər təmsilçisi Zaur Beradzeylə gərgin
mübarizə şəraitində keçən görüşdən də qalib (4:3) ayrılan
A.Abakarov yarımfinala yüksəlib. Təmsilçimiz hindistanlı Sanjet
Sanjeti də məğlub (8:4) edərək finala vəsiqə qazanıb. Güləşçimiz
həlledici qarşılaşmada Gürcüstan idmançısı Aminaşvili ilə
qarşılaşıb və 7:0 hesabıyla qalib gələrək turnirin baş mükafatına
yiyələnib.

Mübarizəyə dörddədir finaldan qoşulan İslam İlyasov (97 kq)
belaruslu Aleksandr Xuştinə uduzub – 1:4.

Onunla eyni çəkidə çıxış edən Məhəmmədxan Məhəmmədov ilk
mərhələdə gürcüstanlı İuza Tsertsvadzeyə heç bir şans tanımayıb –
11:2. M.Məhəmmədov daha sonra belaruslu Vasili Pavluçenkaya tam
üstünlüklə qalib gəlib – 15:4. Güləşçimiz yarımfinalda A.Xuştini
“tuşe” ilə məğlubiyyətə uğradaraq adını finala yazdırıb.
Təmsilçimiz həlledici görüşdə iranlı Meysam Abdiylə qarşılaşıb və
rəqibini “tuşe”ylə məğlub edərək turnirin baş mükafatına
yiyələnib.

Rahid Həmidli (125 kq) startda bolqarıstanlı İslam Adizovdan
güclü olub – 6:3. Həmyerlimiz dörddədir finalda Bolqarıstanın digər
təmsilçisi Georgi İvanovu vaxtından əvvəl məğlub edib – 13:0.
R.Həmidli yarımfinalda finlandiyalı Yere Heyno ilə qarşılaşıb və
rəqibinə 0:5 hesabıyla uduzaraq ümidini bürünc medala bağlayıb.
Gürcüstanlı Solomon Manaşvili zədələndiyi üçün idmançımızla
güləşməyib və R.Həmidli bürünc medala sahib çıxıb.

Qeyd edək ki, turnirdə daha əvvəl kişilərdən Əliabbas Rzazadə
(57 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc, Turan Bayramov (74
kq) gümüş, Cəbrayıl Hacıyev (74 kq) qızıl medal qazanıblar.
Qadınlardan isə Elis Manolova (65 kq) üçüncü yeri tutub.

Teqlər: