AzTU, MDU və Qazi Universiteti arasında üçtərəfli əməkdaşlıq inkişaf edir (FOTO)

2022-ci ilin 18 fevral tarixində Türkiyənin Qazi Universitetinin
Texnologiya fakültəsinin dekanı Süleyman Tekelinin rəhbərlik etdiyi
nümayəndə heyətilə Azərbaycan Texniki Universitetində (AzTU) görüş
keçirilib. Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev və Mingəçevir
Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov iştirak
ediblər.

MDU-dan AzerTimes-a verilən məlumata görə, görüşdə çıxış edən hər üç
ali təhsil müəssisəsinin təmsilçiləri tərəflər arasında
əməkdaşlığın inkişafından məmnunluqlarını bildirib, qarşılıqlı
maraq doğuran sahələrdə üçtərəfli formatda işbirliyinin
gücləndirilməsinin vacibliyini vurğulayıb və bununla bağlı müvafiq
təkliflərini diqqətə çatdırıblar.

Üçtərəfli əməkdaşlığın potensialını yüksək dəyərləndirən görüş
iştirakçıları universitetlər arasında tələbə və müəllim mübadiləsi,
ortaq araşdırma mərkəzinin yaradılması, birgə tədqiqatların yerinə
yetirilməsi və məqalələrin hazırlanması, ikili diplom və sertifikat
proqramlarının reallaşdırılması, ortaq layihələrin həyata
keçirilməsi, təcrübə mübadiləsi, kampus idarəçiliyi, magistratura
və doktorantura ali təhsil proqramlarının inteqrasiyası və digər
istiqamətlər üzrə birgə fəaliyyətin perspektivləri barəsində
ətraflı müzakirələr aparıb və müvafiq ilkin razılıq əldə
ediblər.

Məlumat verildiyi kimi, MDU ilə Türkiyənin Qazi Universiteti
arasında əməkdaşlığın əsası 2021-ci ilin 15 mart tarixində hər iki
universitetin rektorlarının Ankarada görüşü zamanı qoyulub. Bununla
yanaşı, 2021-ci ilin 22-23 may tarixlərində AzTU, MDU və Türkiyənin
Qazi Universitetinin rektorlarının Mingəçevirdə görüşü keçirilib.
Görüş çərçivəsində Qazi Universiteti və MDU arasında əməkdaşlıq
protokolu imzalanıb və üçtərəfli formatlarda işbirliyinin inkişaf
etdirilməsi ilə bağlı razılıq əldə edilib.

Qeyd edək ki, yeni dövrün universitetinə çevrilməyi əsas
hədəflərindən biri kimi müəyyənləşdirən MDU-da qabaqcıl yerli və
xarici ali təhsil müəssisələri ilə işbirliyinə xüsusi diqqət
yetirilir. Bu baxımdan MDU-nun AzTU və Gazi Universiteti ilə
ikitərəfli və üçtərəfli əməkdaşlığının inkişafı universitetin
potensialının gücləndirilməsində və müasir tələblərə uyğun
keyfiyyətli kadr hazırlığının təmin edilməsində mühüm rol
oynayır.

Teqlər: