Azərbaycan çempionatında ilk gün: fərdi ötüşmənin qalibləri müəyyənləşib (FOTO)

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının 2021-ci il üçün təsdiq etdiyi vahid idman təqvim planına əsasən, İsmayıllı rayonunda şose velosipedi üzrə Azərbaycan çempionatı start götürüb. İlk yarış günündə fərdi ötüşmə üzrə ölkə çempionları müəyyənləşib.

AzerTimes-ın məlumatına görə, 15 yaşadək velosipedçilərin 10 km məsafəyə mübarizəsi Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçiləri Məryəm Əfqanzadə və Ravi Rzayevin qələbəsilə yekunlaşıb. U17 yaş kateqoriyasında da bu məktəbin təmsilçiləri fərqləniblər – Radha Şabanova və Hüseyn Nərimanov 10 km məsafəni digər rəqiblərindən daha tez qət ediblər.

Gənc qızların 15 km məsafəyə fərdi ötüşməsində Respublika Olimpiya Velosiped Məktəbinin üzvü Viktoriya Sidorenko çempionluq sevinci yaşayıb. Onun komanda yoldaşı Nikita Sıtov gənc oğlanların 20 km məsafəyə mübarizəsidə 1-ci yeri tutub.


İsveçrədəki Dünya Velosiped Mərkəzinin (WCC) komandasının tərkibində çıxış edən Respublika Olimpiya Velosiped Məktəbinin yetirməsi Ayan Xankişiyeva 23 yaşadək qızlar arasında 20 km məsafəyə fərdi ötüşmədə Azərbaycan çempionu olub. Kişilərin U23 və Elit yaş kateqoriyasında isə “Sərhədçi” İdman Olimpiya Mərkəzinin velosipedçisi Musa Mikayılzadə 20 km-lik marşrutu hamıdan tez qət edib.

Növbəti yarış günlərində qrup ötüşməsi üzrə ölkə çempionları müəyyənləşəcək. Qeyd edək ki, Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) göndəriləcək və toplanan xallar həm idmançıların, həm də ölkəmizin reytinq cədvəlində öz əksini tapacaq.

Teqlər: